"Səbail"in baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə "Zirə"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları oyunla bağlı bunları söyləyib:


“Çox ağır oyun idi. Bizim üçün bu dəqiqə xallar önəmli və vacibdir. Qırmızı vərəqə almağımız oyuna çox təsir etdi. Məğlub olduq. Rəqibi təbrik edirik. Qarşıdakı oyunlara baxacağıq. Hələ 10 tur var. Çalışacağıq ki, növbəti oyunlarda qələbə qazanaq və xallarımızın sayını artıraq.


Əsas rəqibimiz elə özümüzük. Bir qələbə lazımdır ki, komandanın inamını özünə qaytarsın və ardını gətirək. Futbol oynaya bilirik. Sadəcə, bir az inamsızlıq yaranıb. Onu aradan qaldırmağa çalışacağıq.


70-ci dəqiqədən sonra "Zirə" kimi rəqibə qarşı 10 nəfərlə oynamaq asan deyil. Rəqibin heyətində ustalıq səviyyəsi yüksək oyunçular var. İstənilən halda hesabı dəyişə bilirlər, yaxşı komanda formalaşdırıblar. 90+6-cı dəqiqədə qol buraxmaq əlavə məyusluq verir. Futbolun içində olan şeylərdir”.