“Əsas şərtim Azərbaycan bayrağı altında döyüşmək oldu”
- 06 Fev 2021 16:00
- 904
“Həvəskar boksda karyeramı bitirsəm də, idmançı kimi çıxışımı davam etdirirəm. Həyatım idmanla bağlıdır və bu səbəbdən hazırda peşəkar boksda qüvvəmi sınayıram”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında yığma komandanın sabiq üzvü Ramal Amanov deyib.
37 yaşlı idmançı həvəskar boksla məşğul olduğu illəri xatırlayıb. Dünya çempionatının finalçısı, Dünya Kubokunun ikiqat bürünc medalını qazanmış Amanov bu gün də federasiya və əsas komanda ilə mütəmadi əlaqə saxladığını vurğulayıb.
Hazırda ABŞ-ın Florida ştatının ikinci böyük şəhəri Mayamidə hazırlıq keçən boksçu döyüşlər ərəfəsində səfərə yollandığını bildirib. Həvəskar boksla 2011-ci ildə vidalaşan Ramal millinin son illərdəki durumundan da söhbət açıb: “Mən döyüşlər ərəfəsində ABŞ-a gəlirəm. Tez-tez Bakıda oluram. Həmin zaman yığmanın düşərgəsinə də gedirəm. Hazırki durumla maraqlanır, boksçularımızın iştirak etdikləri yarışları diqqətdə saxlayıram. Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı, Avropa Oyunlarındakı və İslamiadadakı uğurlar alqışalayiqdir. Ölkəmizdə boksun ənənəsi var. Bu, qırılmaz zəncir kimidir. Çünki dövlətimiz idmana xüsusi qayğı göstərir. İnanıram ki, qarşıdakı turnirlərdə də üçrəngli bayrağımızı yüksəklərə qaldırıb, himnimizi səsləndirəcəyik. Mən də məhz bir çox şeylərə həvəskar boksda nail olmuşam. Uğurlarıma uyğun mükafatlara da layiq görülmüşəm. Bu gün həvəskar boksla vidalaşsam da, peşəkar boksda çıxış edirəm. Döyüşdüyüm ABŞ-da da Azərbaycan adından, ölkəmizin bayrağı altında qüvvəmi sınayıram”.
Amanov peşəkar boksa keçidindən və növbəti döyüşündən də danışıb: “2011-ci ildə həvəskar boksla vidalaşdıqdan 2 il sonra Moskvada işləmək istədim və oraya yollandım. Elə alındı ki, ətrafımda idmançılar üstünlük təşkil etdi. Onların təklifi ilə peşəkar boksa başladım. Hətta Rusiya vətəndaşlığı alıb, onların adlarından döyüşməyimi də istədilər. Lakin mən bununla razılaşmadım. ABŞ-a getməyi planlaşdırdım və promoterlərlə danışıqlara başladım. Nəticədə okeanın o tayından təklif aldım. Əsas şərtim o oldu ki, Azərbaycan bayrağı altında döyüşəcəm. Çünki vətənimi çox sevirəm. Hazırda burada dövlətimizi hər sahədə dəstəkləyirəm və ermənilərə qarşı keçirilən aksiyaya mən də qoşulmuşdum”.
Mayamidə hazırlıq keçməklə yanaşı, yeniyetmələrə boksun sirlərini də öyrədən idmançı fevralın 27-də növbəti görüşünə çıxacaq. Onun sözlərinə görə, Los-Ancelesdə baş tutacaq qarşılaşmada əsas hədəfi qələbədir: “Həmin döyüşdə yerli boksçu Leon Lavsonla üz-üzə gələcəyəm. Bu mənim 19-cu görüşüm olacaq. Əvvəlki 18 qarşılaşmadan 16-da qalib gəlmişəm. Onlar arasında Nyu-Yorkda “Madison Square Garden”də 25 min azarkeşin izlədiyi döyüşü qələbə ilə bitirmişəm. İki məğlubiyyətimdən birində gözümdən zədə almışamsa, digərinə daha yaxşı hazırlaşmadığım üçün uduzmuşam. Rəqibim isə hələ məğlubiyyət acısı yaşamayıb. Peşəkar rinqdə keçirdiyi 13 döyüşün hamısını qələbə ilə bitirib. Çalışacam ki, ona bir “ilk” yaşadım”.