Dünən "Qarabağ" yaxşı futbol oynamadı. Oynaya bilmədi, lap dəqiqi, oynamağa imkan vermədilər. Hə, rəqib bunu anti-futbolla etdi, az qala istəyinə nail də olacaqdı. Yüksək əzmkarlıq olmasaydı, indi biz başqa cümlələr qururduq.

Mən start heyətində Şeydayevi gözləyirdim. Başında Kurban Berdıyevin olmasına və müdafiə futbolu oynatmasına baxmayaraq, "Kayrat" o qədər də etibarlı müdafiə komandası deyil. Arxa xətdə, xüsusilə də standart vəziyyətlərdə ciddi səhvlərlə yadda qalırlar. Dünən məhz künc zərbələri zamanı bunu gördük, ancaq cərimə meydançasının içində "ikinci dalğa"mızın olmaması, olanda da effektiv olmaması öz sözünü dedi. Qazaxlar topu penalti nöqtəsindən o tərəfə bir cəhddə çıxara bilmirdilər. Orada kimsə ayaq qoymalı, pressinq, təzyiq etməli, döyüşməli idi. Ramil bu işin öhdəsindən gələn ən yaxşı oyunçumuzdu. Startda çıxıb böyük enerjisi ilə rəqibi yormalı, sonra Vaci çıxaraq çevik olmayan müdafiəçilərə sürpriz etməliydi. Qurban Qurbanov başqa ssenari seçdi. Bəli, uğurlu oldu, amma yuxarıda da qeyd etdiyim kimi, bu daha çox əzmkarlığın gətirdiyi qələbə idi.

Qapanan komandalara qarşı oyunun bilinən yolları var. Top cinahlara yönəlməli, orada fərdi ustalıq varsa, onun hesabına nəsə edilməli, alınmırsa, bəxt asmalarda sınanmalıdı (sınandı da. Ancaq Ramilin yoxluğunda bu işə Filip və Kadi kimi bəstəboylar qoşulmalı oldu ki, bu da nəticə vermədi). Daha bir alternativ variant uzaqdan zərbələrdi ki, nədənsə buna da şahidlik etmədik. Ayrı vaxt topu hardan gəldi "zırlayan" Ozobiç və Qaradan belə cəhdlər gəlmədi.

Və təbii ki, sürət. Əldə olan variantlar keçmirsə, yeganə çıxış yolu topu meydan boyu maksimum sürətlə dolaşdırmaqdı. Meydança əla görünsə də, sanki "Qarabağ"ın tələblərinə tam cavab vermirdi. Bu da kiçik faktor deyil. 

Sürət məsələsində təbii ki, cinahlar vacib rol oynayır. Kadinin oyunda çox da gözə çarpmaması məhz bu faktor idi. Borges yüksək texnikalı, əla fərdi ustalığa malik futbolçudu, ancaq məhz sürət onun "kozır"ı deyil. Buna görə də düşünürəm ki, startda Veşoviç çıxa, Kadi Filipin yerində oynaya, ilk dəqiqələrdən yüksək sürət və pressinq tətbiq edilə bilərdi. Məncə, belə olsaydı, bizi daha az validollu sonluq gözləyəcəkdi. 

Berdıyev də işini yaxşı görmüşdü. İlk dəqiqələrdən gözlənilmədən pressinq edən komandasının işi qola qədər gətirməsi məntiqli idi. Penalti hücumunda "Qarabağ"ın hər iki mərkəz müdafiəçisi zəncirvari səhvə yol verdi ki, bu da məhz rəqib təzyiqinin nəticəsində mümkün oldu. O epizodda biz sadəcə qazaxların təzyiqinə dözə bilmədik, başqa heç nə. Qoldan sonra arxaya oturmaq və bütün boş nöqtələri bağlamaqla əks-hücumlara bel bağlamaq doğru fikir idi. Amma görünən odu ki, rəqibin gücü baş məşqçisinin planını final fitinə qədər yerinə yetirməyə çatmadı. "Qarabağ" təzyiq etdi və istəyinə nail oldu.

Qurban Qurbanova gəlincə, mütəxəssis rəqibə lazım olduğundan artıq dəyər vermiş, çox ehtiyatlı davranmışdı. Hoca ikinci hissədə anladı ki, "Kayrat" nəinki bir "Barselona",  heç "Bazel" də deyil, ona yaxın da düşmür. Məhz bundan sonra var gücü ilə kütləvi hücum qərarı qəbul olundu, komanda sürət və təzyiq qutusunda "2"-dən "3"-ə, ordan da "4"-ə keçdi. Aşkardı ki, "Qarabağ" rəqibindən daha yaxşı komandadı və gücündən tam yararlananda qarşısıalınmaz olduğu şübhəsizdi. Qalırdı bu "peç"ə yetəri qədər odun qoymaq ki, o da edildi.

Ümumilikdə isə çox emosional bir qələbə oldu. Ramil və Abbasın qol vurması, son saniyələrə qədər mübarizə və elə son vuruşda gələn qələbə, yeni bir tarix - qrupdan çıxma yolunda nəhəng bir addım... Çox şey demək, danışmaq olar. Əsas odu ki, qələbə gəldi və biz ölkənin bütün futbolsevərləri olaraq bu zəfərə  sevinməli, dadını çıxarmalıyıq. 

"Qarabağ" xeyir olaraq şər üzərindəki zəfər yürüşünü davam etdirir. Sonda həmişə yaxşılar qalib gəlir. Bu dəfə də belə olacaq. Buna əminəm.

 

Kənan Məstəliyev