Faiq Qarayev “Əmək” ordeni ilə təltif olundu
- 30 Okt 2019 19:54
- 1541
Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayevin ölkədə idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi ilə bağlı tədbir keçirilib.
Rekord.az xəbər verir ki, Bakı Voleybol Mərkəzində təşkil olunan mərasimdə AVF-nin rəhbərliyi, həmçinin müxtəlif voleybol klublarının rəsmiləri iştirak ediblər.
Tədbiri AVF-nin prezidenti, “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili Cavid Qurbanov açıq elan edib. O, Faiq Qarayevin karyerasından söz açaraq bildirib ki, təcrübəli mütəxəssis bütün həyatını voleybola həsr edib. Federasiya rəhbəri voleybola gəlişində məhz Faiq Qarayevin rolunun olduğunu da söyləyib.
Yay Olimpiya Oyunları istisna olunmaqla, bütün mötəbər yarışlarda komandalarımızın iştirakından danışan Cavid Qurbanov Faiq Qarayevin Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türkiyədən vətənə dönməsini də xatırladıb: “O, "Əməkdar məşqçi"dir. Həmçinin cənab Prezident tərəfindən "Tərəqqi" və "Şöhrət" ordenlərinə layiq görülüb. İndi isə "Əmək" ordeni ilə təltif edilib".
Sərəncam oxunduqdan sonra Cavid Qurbanov Faiq Qarayevə ordeni təqdim edib.
Ardınca çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Faiq Qarayev haqda danışıb. O, yığmanın sabiq baş məşqçisinin bütün dünyada tanındığını xüsusi vurğulayıb.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da Faiq Qarayevi nazir Azad Rəhimovun adından təbrik edib, onun karyerasından, uğurlarından söhbət açıb.
Daha sonra kişilərdən ibarət milli komandanın baş məşqçisi Fərid Cəlalov və AVF-nin mətbuat katibi, veteran voleybolçu Şəfəq Kərimova Faiq Qarayevin Azərbaycan voleybolundakı rolundan danışıb, onun bu sahədə işini yüksək qiymətləndiriblər.
Hər şeyə görə təşəkkür edən Faiq Qarayev öncə cənab Prezident İlham Əliyevə minnətdarlıq edib. O qeyd edib ki, ölkə başçısının ona telefon açması həyatında böyük hadisədir. Vitse-prezident bu danışıqdan sonra özündə xüsusi güc hiss etdiyini, daha çox çalışmaq istədiyini də deyib.
O, Cavid Qurbanovun da Azərbaycan voleybolunda rolundan danışıb. Faiq Qarayev hazırda yeni nəslin yetişdiyini və tezliklə bu diqqətin bəhrəsini görəcəklərini söyləyib.
Tədbirdə AVF-in Rəyasət Heyətinin adından qurumda işləyən və Azərbaycan voleybolunda xidmətləri olan Oqtay Musayev, Rafiq Rəsulov, Zöhrab Gözəlbəyli, Nərgiz İsmayılova və Nona İsmayılovaya yubileyləri münasibəti ilə xüsusi diplomla və mükafatlar verilib.