Fayersiz “Neftçi”
- 05 Mar 2024 00:52
- 711
“Neftçi” azarkeşlərinin klubun bazasına fayer atdığına görə 30 sutkalıq həbsə məruz qoyulması analoqu olmayan məsələdi və mütləq ki, öz effektini tribunada və ondan kənarda göstərəcək. Xuliqanlıq, özbaşınalıq, yaxud qanundankənar hər hansı fəaliyyəti dəstəkləməkdən uzağam. Amma anlamaq lazımdı ki, bu fəaliyyət o fəaliyyətdən deyil.
Beynəlxalq hüquqda “lex sportiva” deyilən bir anlayış var. Daha doğrusu, bu, bəzi hüquqi norma və prinsiplərdən daha üstün sayılan, müstəsna tətbiq arealı olan xüsusi qanunlar toplusudu. Qısaca “idman hüququ”, yaxud buna bənzər bir şey də deyə bilərik. Bu haqda yüzlərlə kitab yazılıb ki, təfərrüatına varmağa ehtiyac yoxdu. Qısa, daha anlaşılan dildə izahı budu: “idman başqa qanunlarla idarə olunur”.
Birbaşa misalla başlayaq. Məsələn, kimsə mülki həyatda, küçədə gedərkən, yaxud hansısa tədbirdə, və ya məişət zəminində kiməsə yumruq vuraraq qarşısındakının kəllə-beyin travmasına, xəstəxanalıq olmasına səbəb olsa, azı 3 il müddətinə həbs oluna bilər. Ancaq bir boksçu rəqibini nokauta salaraq yuxarıdakı durumu yaratsa, ona heç kim heç nə deməyəcək. Çünki bu idmandı. Daha bir misal. 29 avqust 2001-ci ildə Moskva ÇSKA-sının qapıçısı Sergey Perxun rəqib hücumçu ilə toqquşmada başından ciddi zərbə almış, səkkiz gün sonra beyin qanaxmasından dünyasını dəyişmişdi. Ortada ölüm faktı var, normalda buna görə azı 10-15 il düşür. Amma Perxunun ölümünə səbəb olan rəqib futbolçu - "Anji”nin hücumçusu Budun Budunova buna görə heç bir cəza kəsilmədi. Çünki bu futboldu, idmandı. Üzücü olsa da, olur belə şeylər.
Gətirdiyim misalların sayını çoxaltmaq olar. Demək istədiyim odu ki, idmanlar mülki həyatı eyniləşdirmək yanlışdı. Azarkeşlərin səs-küyü, emosionallığı nəticəsində ortaya çıxan gərginlik, bu gərginlikdən irəli gələn müəyyən kiçikmiqyaslı problemlər futbolun ayrılmaz hissəsi kimi qəbul olunmalı, müvafiq münasibət bəslənilməlidi. Real qol epizodunu qaçıran futbolçuya tribunadan söyüşlər yağırsa, təhdidlər edilirsə, bu, üzbəüz görüşdə deyilənin həyata keçiriləcəyi anlamına gəlmir. “Filankəs, sənin …” deyib, matç bitəndən sonra həmin oyunçudan avtoqraf almağa çalışılmasını çox görmüşük. Futboldu, olur belə şeylər.
Azarkeşin klubun bazasına hücum çəkərək ora fayer atması mülki həyat üçün norma deyil. Futbolda isə buna vaxtaşırı rast gəlinir, normal yanaşılır, belə demək olarsa ölüm-itim olmadıqda mümkün olduğu qədər üstündən keçilir, balansın qorunmasına çalışılır. Tribunadan kənarda baş versə də, gecə baş verən məlum hadisə bir “lex sportiva” çərçivəsində şərh olunmalı idi. Çünki bu addıma səbəb bir futbol komandasının futbol meydanında ağır məğlubiyyəti, ondan öncəsində isə klubun uzun illərdi yanlış idarəetməsinin gətirib-çıxardığı bərbad bir durumdu. Əzəli rəqibinə derbidə yenilginin gətirdiyi üzgünlük 3-4 nəfərlik bir qrupun şəkildə emosiyalara qapılaraq (mülki qanun dilində desək, “affekt halında”) bir fişəngi bazaya atması, üstündən də bir-iki “boğazdan yuxarı” söz deməsi bu qədər böyük təhlükə hesab edilməməli, bu qədər ciddiyə alınıb ağır addımar atılmamalı idi. Avropada fan-qrupların hansı oyunlardan çıxdığını, nələri etdiyini hamımız bilirik. Onların yanında bu fayeratma hadisəsi qarışqa ölçüsünə malikdi, ümumiyyətlə müzakirəlik mövzu deyil. Amma Avropada bu problem edilmir, nəticə çıxarılır, işin doğru həllinə çalışılır.
Məsələn, “Latsio” klubunun öz dəlisov, hətta deyərdim faşist azarkeşlərini “içəri saldıracaq”, başına oyun açdıracaq resursu yoxdu, sizcə? Var, sadəcə buna ehtiyac duymurlar. Avropada (elə dünyanın digər hissələrindəki böyük klublarda da) azarkeş futbolun mərkəzində dayanan şəxsdi. Azarkeşlərinə görə “Legiya”nın başına gəlməyən oyun qalmayıb, amma klub onlardan əl çəkmir, onların varlığı, tribunada hər oyun yerini tutması, yüzlərlə kilometr səfərdə oynayarkən belə tək qoymaması, dəstəkləməsi üçün əlindən gələnin hamısını edir. Çünki azarkeş bu işin təməlidi. O yoxdusa, futbol da yoxdu. O azarkeşlər var olduğuna görə “Latsio” “Latsio”du, “Legiya” “Legiya”dı, “Marsel” “Marsel”di, “Borussiya” “Borussiya”dı, “River Pleyt” “River Pleyt”di.
Mən demirəm ki, o hərəkəti edən azarkeşlər inzibati tənbehə məruz qoyulmamalı idi. Bir gecəni KPZ-də keçirsəydilər, onlarla söhbətlər olunsa, bunun qayda və qanunların pozulması olduğu başa salınaraq bir daha təkrarlanacağı halda daha ağır cəza veriləcəyi bildirilsəydi, sabah açılanda vəziyyət başqa cür olacaqdı. Alan da razı qalacaqdı, satan da. Amma ilk cəhddəcə 30 sutkanın verilməsi bir intizabi tənbeh yox, konkret cəzadı, özü də açıq, görk olsun cəzasıdı. Ancaq bu müvəqqəti “qələbə”di, “Pirr qələbəsi”di. O iki nəfər üzərindəki qələbə sabah tribunadakı iki yüz, bəlkə də iki min, daha qlobal götürsək, potensial 20 min azarkeşin itirilməsi ilə müşayiət olunacaq məğlubiyyət deməkdi. “Neftçi” iki azarkeşin fayerindən qorxacaq yox, iki milyon azarkeşin qələbə fayerini yandırmalı olan bir klubdu. Bu boyda rəzalət idarəetmə, ardıcıl və biabırçı məğlubiyyətlərə baxmayaraq o tərəfdar hələ də klubun yanındadısa, onun formasını geyinir, şərqi söyləyir, dəstəkləyirsə, o azarkeşdən möhkəm yapışmaq lazımdı.
Amma boğazından yox, qolundan. Qələbələrə birlikdə addımlamaq üçün.
Kənan Məstəliyev, “Rekord.az”