Avropa Konfrans Liqasındakı sonuncu təmsilçimiz “Neftçi”nin avrokuboklardakı mübarizəni dayandırması ölkədə səs-küyə səbəb oldu.

Rekord.az xəbər verir ki. “Ağ-qaralar” Bakıdakı oyunda 2:0-lı qələbəni sona qədər qoruyub saxlaya bilməyəndə həyəcan təbili çalınmışdı.

Səfərdəki matçda “Rapid”in bizimkilərdən heç də açıq-aşkar üstün olmadığı halda, 2:0-lıq qalibiyyətə sevinib pley-offa yüksəlməsi azərbaycanlı futbolsevərləri qıcıqlandırdı.

Gecə saatlarında böyük əksəriyyət “Neftçi”ni “asıb-kəsdiyi” anda sosial şəbəkə platformalarında fəallığı ilə seçilən təhsil eksperti Kamran Əsədov komandaya dəstək verməsi ilə yadda qaldı.

Əsədovun paylaşımını diqqət:

“Neftçi” PFK, gözəl oyuna, əzmkar mübarizəyə görə çox sağ ol.

Sadəcə olaraq alınmadı. Amma alınması üçün çox çalışdın”.

Məlum paylaşıma görə ekspertə gülənlər, onu tənqid edənlər, hətta yazdıqlarına əsasən AzTV telekanalına bənzədənlər də tapılıb.

Qatı futbol azarkeşi kimi tanıdığımız deputat, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olan Fazil Mustafa statusun rəy bölümündə Avstriyadakı məğlubiyyətə görə “Neftçi” haqda iki cümlə yazmaqla əsəbini soyutmağa çalışıb:

“Futbolda kollektiv ağıl deyilən bir məfhum var. “Neftçi”də çatmayan bu idi”.

Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Rapid”lə “Neftçi” arasında Bakıda baş tutmuş ilk oyun təmsilçimizin qələbəsi ilə başa çatmışdı – 2:1. Vyanadakı cavab qarşılaşmasında meydan sahibləri 2:0 hesablı qələbə ilə pley-offa vəsiqəni təmin etdi.