Federasiya Kubokunun qalibləri müəyyənləşdi
- 18 Mar 2023 21:23
- 352
Martın 18-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə dağ velosipedi (MTB) üzrə Federasiya kuboku keçirilib.
Rekord.az xəbər verir ki, Xocasəndə yerləşən Dağ Velosipedi Parkında baş tutan yarışda ümumilikdə 30 velosipedçi qrup ötüşməsində mübarizə aparıblar.
15 və 17 yaşadək oğlanlar təyin olunmuş marşrut üzrə 7 km (hər dairə 3,5 km olmaqla 2 dairə), Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar isə 9 km (hər dairə 4.5 km olmaqla 2 dairə) məsafə qət ediblər.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Aqşin Bağırlı (MTB-AVF, 19:26) bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. Emin Süleymanov (MTB-AVF, 21:33) ikinci, Mübariz Süleymanov isə (MTB-AVF, 21:39) üçüncü yerdə qərarlaşıblar.
15 və 17 yaşadək oğlanların mübarizəsində isə Qəhrəman Hacızadə (MTB-AVF, 09:37) hamıdan yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tahir Quluzadə (ROEQİUGVM, 10:07) ikinci, Toğrul Məmmədli (MTB-AVF, 10:44) isə üçüncü yerlə kifayətləniblər.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.