Ukrayna Futbol Federasiyasının (FFU) prezidenti Andrey Pavelkoya qarşı 5 cinayət işi açılıb.

Rekord.az xəbər verir ki, bu barədə Ali Radanın Gənclər və İdman Komitəsinin rəsmi saytında bildirilir. 

İlk növbədə, Pavelko 270 milyon qrivna (təqribən 20 milyon manat) məbləğində büdcə vəsaitini oğurlamaqda şübhəli bilinir. Həmin vəsait süni örtüklü futbol meydanlarının salınması proqramına ayrılmışdı.

Digər iş UEFA-dan "Het-Trik" sosial proqramı çərçivəsində alınmış vəsaitlərin israfçılığı üzrə açılıb. 

Üçüncü iş FFU ilə "FFU Prodakşn" arasındakı razılaşma ilə əlaqədardır. Bu anlaşma malların qiymətinin artmasına səbəb olub.

Bundan başqa, Pavelko xidməti vəziyyətindən mümkün sui-istifadədə və əmlak deklarasiyası üzrə etibarlı informasiya verməməkdə şübhəli bilinir.