Azərbaycan Voleybol Federasiyasının əməkdaşı Sumqayıt məktəbliləri ilə görüşüb. "Rekord.az" xəbər verir ki, qurumun Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova növbəti dəfə şəhərin 1 nömrəli məktəbini ziyarət edib.

CEV-in Regional İnkişaf Mərkəzlərinin xətti ilə uşaqlar arasında voleybolun inkişaf layihəsi çərçivəsində baş tutan görüşdə federasiya rəsmisi Azərbaycan çempionatının I Liqasında mübarizə aparan Sumqayıtın qız və oğlandan ibarət komandalarının üzvləri ilə daha yaxından tanış olub. Görüş zamanı komandaların problemləri ilə bağlı müzakirələr aparılıb, qarşıda duran məsələlər haqqında danışılıb.

Belə görüşlərin bölgələrdə və paytaxtda fəaliyyət göstərən digər klublarla da təşkil olunacağı bildirilir.