"Fənərbağça"nın veteranları Tovuza gəlmək üçün yüksək məbləğdə qonorar tələb edib?
- 18 Noy 2024 11:00
- 238
Məlum olduğu kimi, bu yaxınlarda "Turan"ın avrokuboklarda iştirakının 30-cu ildönümü münasibəti ilə "Turan"la "Kəpəz"in veteranları arasında yoldaşlıq görüşü keçirildi. Lakin yayılan qeyri-rəsmi məlumatlara görə, təşkilatçılar bu oyuna o vaxt "Fənərbağça"da forma geyinmiş futbolçuları dəvət etmək istəsə də, qarşı tərəfin yüksək qonarar tələb etməsi səbəbindən bu, baş tutmayıb. Biz isə məsələyə aydınlıq gətirmək üçün Tovuzdakı oyunun əsas təşkilatçılarından olan Yaşar Sultanovla əlaqə saxladıq.
Rekord.az-a açıqlama verən "Turan"ın sabiq vitse-prezidenti yayılan məlumatları qətiyyətlə təkzib etdi.
O, ümumiyyətlə, belə bir söhbətin olmadığını bildirdi: "Tamamilə cəfəngiyyatdı, nə Türkiyədən kiməsə müraciət olunub, nə də zəng. Heç əvvəldən də belə bir söhbət olmayıb. Əslində bu tədbirin özü təqdirəlayiq bir iş idi, çünki Azərbaycan klub futbolunun Avropaya ilk çıxışı idi. Bunun da 30 illiyi möhtəşəm yubiley deməkdir. Əgər Respubliak səviyyəsində, AFFA səviyyəsində təşkil olunsaydı. etmək olardı. Amma bu, lokal təşkil olundu. Bununla belə, hər şey möhtəşəm idi. Ötənlərin əksər tanınan futbolçuları Tovuzda idi. Hətta Qurban Qurbanov özü də "Qarabağ"ın gərgin oyunundan sonra özünü çatdırıb Tovuza gəldi, oynadı. Rahir Süleymanov öz briqadası ilə gəldi, özü də böyük həvəslə. Digərləri də həmçinin. Gəncə futbol ictimaiyyəti, futbol veteranları sağ olsunlar, çox böyük həvəslə gəldilər, iştirak etdilər. Bir sözlə, sentemental, nostalji hisslər var idi, doğmalaşma var idi. Tədbirin təşkilat komitəsinin sədri mən idim, məndən başqa Rasim Əliyev, Fikrət Məmmədov və digər dostlarımız da yaxşı mənada dəridən-qabıqdan çıxdılar ki, gözəl tədbir alınsın. Təbliğat, reklam işləri bəlkə də bir qədər də yaxşı təşkil olunsa, daha çox azarkeş toplaşardı, bununla belə, 500-ə yaxın adam var idi ki. bu da elə orta Premyer Liqa səviyyəsində azarkeş sayı hesab oluna bilər. Burdan bir daha bütün əziyyət çəkən, iştirak edən hər kəsə, təşəkkür edirəm".