Fərid Qayıbov çempion paralimpiyaçıları qəbul etdi
- 19 Apr 2022 11:15
- 477
Gənclər və idman naziri Fərid Qayıbov Xorvatiyanın paytaxtı Zaqrebdə qitələrarası boccia çempionatında 3 medal qazanmış Azərbaycan paralimpiyaçılarını qəbul edib.
Rekord.az xəbər verir ki, toplantı zamanı idmançıları uğurlu çıxışları münasibətilə təbrik edən nazir federasiyanın fəaliyyəti, gələcək planları və idmançıların məşq şəraiti ilə maraqlanıb.
Bildirilib ki, boccia 2014-cü ildən yaransa da, Azərbaycanda bu federasiya 2018-ci ildən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə fəaliyyətə başlayıb. Bu günədək idmançılar beynəlxalq yarışlarda 3 qızıl, 7 bürünc medal qazanıblar.
Görüşdə nazir müavini Mariana Vasileva, Boccia İdman Federasiyasının baş katibi və baş məşqçisi İlham Məhərrəmov, məşqçilərdən Taleh Zeynalov, Elşən Məhərrəmov, Ruhin Cəfərov, Nicat Ağayev, Mədinə Abbasova, idmançılardan Bəhruz Mirzəyev, Sona Ağayeva (hər ikisi qızıl medal), Orxan Kərimov (bürünc medal) və Zaur Veysəlov (6-cı yer) iştirak ediblər.