Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Tallində Estoniya yığmasına 1:3 hesabla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

"İlk öncə ondan başlayım ki, komandamız oyuna çox yaxşı başladı. 35-ci dəqiqəyə qədər kompakt oyun sərgiləyirdik. Rəqib komanda qapımız qarşısında qol şansı əldə edə bilmirdi. Lakin futbol belə bir oyundur. İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı. Buna baxmayaraq, özümüzü toparlayıb, bərabərlik qolunu vurduq. Təəssüf ki, bərabərliyi qoruyub saxlaya bilmədi və ilk hissəyə əlavə olunmuş vaxtda yenə qol buraxdıq. Amma mən fasilədə də uşaqlara bildirdim ki, fasilədən sonra da ilk 35 dəqiqədəki oyunu oynamalıyıq. Lakin Estoniya ağıllı komandadır, arxaya çəkilib əks-hücumlarda oynamağa başladılar. Əgər topu rəqib qapısından keçirə bilmirsənsə, qarşı tərəf bundan faydalanacaq.

Yarımmüdafiənin mərkəzində əvvəl Coşqunla Aleksey oynadı., sonra Coşqunu Ceyhun əvəzlədi. Buna baxmayaraq, çatdırmadıq. Çünki milli komanda bir qayda olaraq, mərkəzdə 3 futbolçu ilə oynayıb, cənab Santuş bu dəfə iki futbolçu ilə oynayırdı. Buna görə də boşluqlar yaranırdı. Məğlubiyyətdə seçdiyiniz taktiki sxemin rolu oldu?

- 3-4-3 sistemi ilə oynayırdıq. Mərkəzdə 4 futbolçu var idi. İlk 35 dəqiqədə oynayan komanda biz idik, rəqibə oynamağa imkan vermirdik. Onlar əks-hücumda qol vurdular. Bizim buna qədər 4 şansımız var idi, amma istifadə edə bilmədik. Komandam ilk hissədə ən yaxşısını etdi. Taktiki sxemdə səhv olmayıb. 3 qol buraxdıq. Amma o qədər də qol vurmaq şanslarımız oldu. Normal vəziyyətdə bu oyunun ilk yarısı 2:0 bizim xeyrimizə olmalı idi. 

- Qeyd etdiniz ki, imkanlardan istifadə edə bilmədik. Elə isə istədiyinizu meydançada tətbiq etmək üçün futbolçuların səviyyəsinin yetərli olduğunu düşünürsünüz?

-Başa düşürəm, amma oyunçuların çox yaxşı şansları oldu. Bu, futboldur, belə şeylər olur. İsveçlə oyunda da çoxlu şanslardan yararlana bilmədik. Bizim problemimiz müdafiədədir. 3 oyunda 8 qol buraxmışıq. Vacib olan odur ki, işimizi davam etdirməliyik. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Amma 1-2 həftə ərzində problemləri həll etmək mümkün deyil. Nəsə əldə etmək üçün vaxt lazımdır.

- Hücum futbolu oynadırsız. Cəsarətli taktikadır, amma bunun uğurlu tətbiqi üçün güc lazımdır ki, bu da bizdə yoxdur. Belə olan halda  bu taktika ilə davam edəcəksiniz, yoxsa imtina edəcəksiniz?

- Xeyr, taktikanı dəyişməyi düşünmürəm. Hücum futbolu oynamağa üstünlük verirəm. Bir yol seçmişik. Hər dəfə dəyişmək olmur. Əlimdə olan futbolçularla bu sxemlə davam edəcəyəm. Yarımmüdafiə xəttində 4 oyunçu ilə oynayırdıq, bundan sonra da belə olacaq

- Elvin Cəfərquliyev bu gün mükəmməl oyun keçirdi. Onun gələcəkdə hansısa yaxşı kluba keçməsinə töhfə verə, hansısa tanışınıza məsləhət görə bilərsiz? 

- Elvin möhtəşəm hücum talantına malikdir. Amma müdafiə cəhətdən bir az çətinlikləri var. Öz üzərində işləməklə şansları ola bilər. Həm hücumda, həm müdafiədə eyni səviyyədə oynamaq çətindir.

- Bu gün niyə Abbas Hüseynov kapitan idi?

- Niyə olmasın ki? Düşünürəm ki, Abbas yaxşı kapitandır. Əsas kapitan Bədavi Hüseynovdur. Amma o Azərbaycan dilində danışa bilmir. Ona görə də Abbasa üstünlük verdim.

 

 

QEYD: Jurnalistlərin Estoniyaya səfəri və mətbuat konfransında iştirakı Misli-nin dəstəyi ilə həyata keçirilib.