“Fernandu Santuşun Azərbaycan millisinə köməyi dəyə bilər”
- 2024-09-19 15:20
- 87
"Kəpəz" klubunun yeni transferi Dioqo Verdaska portuqaliyalı mütəxəssis Fernandu Santuşun Azərbaycan millisinə köməyinin dəyə biləcəyini söyləyib.
Rekord.az xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətinə açıqlama verib.
Portuqaliyalı oyunçu Santuşun həmyerlisi olduğunu xatırladıb:
"Onun burada olması xoşdur. Təcrübəli mütəxəssisdir və yığmanıza köməyi dəyə bilər. "Kəpəz"də də portuqaliyalı futbolçular var. Ötən mövsüm Gəncədə forma geyinən İqor Rodrigesin azarkeşlər tərəfindən necə sevilməsindən xəbərdaram. Bunu qarşılanmağımdan hiss etdim. Mən və indiki komanda yoldaşlarım da bu sevgini qazanmaq istəyirik. Bunun üçün də dayanmadan məşq edəcəyik. Portuqaliyalıların “Kəpəz”də özünü ən yaxşı tərəfdən göstərməsi mənim üçün qürurvericidir".
O, Gəncə klubunun azarkeşlərinin sevimlisi olmaq istədiyini vurğulayıb:
“Burada olduğum üçün çox xoşbəxtəm. Bir az da həyəcan var. Bütün gücümü ortaya qoyub komandama kömək etmək istəyirəm. Qarşıdakı oyunlarda bacarığımı göstərmək üçün çox çalışacağam".
Dioqo Verdaskanın müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.