FHN-nin qurumları arasında çempionat keçirilib
- 25 Okt 2019 20:21
- 2189
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında voleybol üzrə çempionat keçirilib. "Rekord.az" xəbər verir ki, birinciliyin oyunları Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq mərkəzinin idman arenasında baş tutub.
Yarışda 120-ə yaxın idmançının təmsil olunduğu 11 komanda öz qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final görüşü Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Dövlət Yanğın Muhafizə Xidmətinin komandaları arasında olub. Rəqibini məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası yarışın qızıl medalına sahib çıxıb. İkinci yeri Dövlət Yanğın Mühafizə Xidmətinin komandası, üçüncü yeri isə Xüsusi Riskli Xilasetmə Xidmətinin voleybolçularını məğlub edən Mülki Müdafiə Qoşunlarının komandası tutub.
Final qarşılaşmasını Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, federasiyanın baş katibi Cəlil Cəfərov, federasiya prezidentinin müşaviri Əbülfəz Hüseynov, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev və bir sıra fəxri izləyiblər.
AzərbaycanVoleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, FHN-nin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək komandaları təbrik edib, onlara növbəti yarışlarda uğurlar arzulayıblar.
Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim olunub.