FİF-dən təzə xəbər, yaxud da monqol turistlərinin “dublyonkası”
- 24 Noy 2023 12:26
- 1065
“Bəyin oğurlanması” filminə hamımız sevə-sevə baxırıq. Köhnə Azərbaycan filmlərin qəhrəmanlarının ağzında çıxan bir çox sözlər sonradan aforizmə çevrilir. Tam əminliklə demək olar ki, “Bəyin oğurlanması” da bu sıradadır. Bu filmdən məşhur bir epizodu xatırlayaq, sonra qayıdarıq mövzumuza.
- İsrafil əmi, ay İsrafil əmi, o düzdür ki, sizin dükana “monqol dublyonka”sı gətiriblər?
- Gətirmişdilər, monqol turistləri hamısını alıb apardı...
- Görəsən, monqol turistləri “monqol dublyonkasını” burdan niyə alıb aparırlar?
Bu epizod mənim yadımda FİF-in (Futbolun İnkişaf Fondunun) sonuncu tədbirindən sonra düşdü. Xeyli müddətdir ki, FİF-in fəaliyyətini yaxından izləyirəm. Sözün düzü, xeyli əylənirəm, həm də düşünmək üçün mövzular tapıram. Bu fondun yaradılması Elxan Məmmədovun Azərbaycan futbolunda son çırpıntılarından biri idi. Göstərmək istəyirdi ki, Azərbaycan futbolunun inkişafı üçün çalışır, ortaya yeni layihələr, faydalı ideyalar qoyurdu. Klublar Komitəsi, Məşqçilər Komitəsi, hansısa ingilis klubunun adına açılmış futbol məktəbi və sair bu qəbildən olan “ideyalar” kimi. Deməli, bu fondu yaradıblar ki, azarkeşlərdən ianə toplasınlar, iş adamlarını klublara sponsorluq etməyə həvəsləndirsinlər. FİF azarkeşlərdən 5-10 manat ianə toplayıb, öz fəaliyyəti ilə bağlı statusları “feysbuk”da pullu reklama qoyur. Bilmirsən ki, güləsən, yoxsa ağlayasan.
Ötən il daha gülməlisi baş vermişdi. 2022-ci ilin avqustunda FİF “Şamaxı” rəhbərliyi ilə görüş keçirmişdi. Görüşdən sonra fondun “feysbuk” səhifəsində belə bir paylaşıma rast gəldik: “Görüş zamanı kluba sponsorların cəlb olunması, dayanıqlı maliyyə mənbələrinin aşkarlanması üçün digər region klublarına da faydalı ola biləcək kommersiya strategiyasının hazırlanması, bunun üçün tərəflərin iştirakı ilə işçi qrupunun yaradılması və FİF-in dəstəyi ilə prosesə xarici mütəxəssislərin də cəlb olunması qərara alınıb”. Mən həmin vaxt “prosesə cəlb olunacaq xarici mütəxəssislərin maaşı hardan ödəniləcək” sualı üzərində xeyli baş sındırdım. Doğru-düzgün cavab tapa bilmədim. Düzü, həmin o xarici mütəxəssislərin sonrakı aqibəti, ümumiyyətlə, “Şamaxı”nın kommersiya strategiyasının hazırlanıb-hazırlanmaması haqda sonradan nəsə eşitmədik.
FİF-in başı qarışdı Tovuzda minalardan qorunmağın yolları (!) haqqında qrant layihələri həyata keçirməyə. Daha soruşan olmadı ki, FİF hara, mina hara? Məgər Elxan Məmmədov bu fondun yaranmasına xeyir-dua verəndə sizə mina axtarmağın yollarını başa salmışdı? Görünən o idi ki, FİF futbolumuza sponsor axtarmaqdan bezib, mina axtaranlara kömək etməyə yollanıb. Amma bu yaxınlarda FİF yenidən “meydana qayıtdı”. Özü də necə...
Noyabrın 15-də Bakıdakı dəbdəbəli otellərin birində Futbolun İnkişaf Fondunun təşkilatçılığı ilə “Bölgə futbol klubunun dayanıqlı inkişafı” mövzusunda seminar keçirilib. Bax, bu yerdə mənim yadımda “monqol dublyonkası”nı İsrafil kişinin mağazasından alan monqol turistləri düşdü. Bölgə futbolunun dayanaqlı inkişafı barədə müzakirələri nə üçün bölgələrdə yox, Bakıdakı bahalı oteldə keçirirsiz? Olmazdımı ki, elə bölgə klublarının nümayəndələri bölgələrdəki stadionların birinə toplaşardı, FİF rəsmiləri də ora səfər edib, müzakirələrə qatılardılar? Bakıdakı otelə ödənilən icarə haqqı da həmin stadionun xərcləri üçün sərf olunardı. Bu da olardı bölgələrdə futbolun dayanıqlı inkişafına əməli dəstək...