FİF, ya fit?!
- 22 İyn 2022 10:44
- 902
Türklər belə yerdə “laf çok, iş yok” deyirlər. Bu sözün mənasını başa düşmək elə də çətin deyil. Yəni ki, kimlərsə ancaq danışmaqla məşğuldu, bütün günü danışır, amma öz danışdıqlarını icra edə bilmir. Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adiyev bu yaxınlarda Canni De Byazi barəsində də təxminən belə demişdi. İtalyan mütəxəssis də elə hey danışmaqla məşğuldu. Hər oyundan əvvəl və sonra həvəslə danışır. Müxtəlif bəhanələr üyüdür, ortada isə nə millinin yaxşı oyunu var, nə də nəticəsi. Onun bu davranışı da Adiyevin “səbr kasası”nı daşırmışdı. Qazaxıstanlı çalışdırıcı diplomatik sözləri bir kənara qoyub, De Byazinin “bostanını” bombardman etmişdi.
Ya AFFA-nın hamamının suyunun təsirindəndi, ya da Elxan Məmmədovun “çətirinin” altında toplaşanların həyat və fəaliyyəti ancaq elə bu cür pafoslu danışmaqdan ibarətdi. Müxtəlif ütülü sözlərdən istifadə edir, yaraşıqlı kostyumlar geyinir, bəzəkli qalstuklar taxırlar. Üzlərinə dünyanın ən müdrik adamının üzündəki ifadədən verib, ciddi görkəm alırlar. Deyirsən ki, aha, bu dəqiqə indiyəcən eşitmədiyin hansısa sözü eşidəcəksən, xoş xəbər alacaqsan. Tez də məyus olursan. Məlum olur ki, yenə köhnə val fırlanacaq, xeyli vaxtdı qulaqlarımızı yaran edən pafoslu sözləri bir qulağımızdan alıb, o birisindən vermək məcburiyyətində qalacıq.
AFFA Futbolun İnkişaf Fondu adlı yeni bur qurum yaradıb. Fondun da əksər üzvləri Elxan Məmmədovun yaxın ətrafındakı kadrlardı. Həmin kadrlara aktyor Fəxrəddin Manafovla millət vəkili Qənirə Paşayevanı, bir də banklardan birini əlavə ediblər. Yarandığı gündən fondun fəaliyyətini diqqətlə izləyirəm, ilk sponsorun nə vaxt tapılacağı günü maraqla gözləyirəm. Gözləyirəm ki, özüm-özümü müjdələyim, dost-tanışa gözaydınlığı verim. Amma gözüm yolda qalıb, qulağım səsdə. Futbolun İnkişaf Fondunun əsas fəaliyyəti “Feysbuk”da sponsorlu paylaşımlar etmək, yəni ki, sosial şəbəkələrdə özünü reklam etməkdi. Kimsə onlara üç-beş manat ianə edir, onu da aparıb reklama xərcləyirlər.
Bir maraqlı məqama diqqət yetirək. 13-14 iyun tarixlərində Futbolun İnkişaf Fondunun (FİF) əməkdaşları Gəncə və Tovuz şəhərlərində səfərdə olublar. Səfər çərçivəsində FİF-in icraçı direktoru Tural Piriyev Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovla görüşüb. Maraqlısı və təəccüblüsü odu ki, bu səfərdə fondun tanınmış üzvlərindən biri, tovuzlu millət vəkili Qənirə Paşayevə iştirak etməyib. Əgər, Qənirə xanımın FİF-in Tovuz səfərinə qatılmağa, heç olmasa, yerli icra başçısı ilə görüşdə iştirak etməyə vaxtı yoxdusa, nəyə lazımdı belə üzvlük? Xanım deputat “Turan Tovuz” üçün ianəni necə toplayacaq? Fonda üzv olan tanınmış simaların bu səfərdə iştirak etməməsindən belə nəticəyə gəlirəm ki, Manafovla Paşayeva ad xətrinə üzvlüyə razı olublar və qiymətli vaxtlarını cəlbedici görmədikləri işə sərf etmək fikrində deyillər. Bu reallığı AFFA-da da yaxşı başa düşürlər. Ona görə də Tural Piriyevə və onun ətrafındakılara tapşırıq veriblər ki, qərb bölgəsinə özləri getsinlər. Görüntü yaransın ki, fond işləyir.
Onların bu fəaliyyətini (əslində fəaliyyətsizliyini) izlədikcə yadıma ATƏT-in Minsk Qrupunun üzvləri düşür. Bu qrupun həmsədrləri də təxminən 30 il ərzində heç bir real iş görmədən ora-bura səfər etməklə gün keçirdilər. Yeganə fərq ondadı ki, ATƏT-in Minsk Qrupu “Feysbuk”a pullu reklamlar qoymurdu. Belə FİF-in bekar vaxtlarda çalmaq üçün fiti də olmalıdı, qoy gördükləri işin səsi də çıxsın.