FİFA rəsmisi: “Sentyabra qədər futbol oynanılmamalıdı”
- 29 Apr 2020 12:20
- 563
Koronavirus pandemiyası səbəbindən Niderland və Fransada futbol çempionatlarının ləğvindən sonra digər ölkələrdə hansı qərarların alınacağı maraqla gözlənilir.
Rekord.az xəbər verir ki, FİFA-nın səhiyyə komitəsinin rəhbəri Mişel D'Oqu ən azı sentyabra qədər bütün ölkələrdə çempionatların keçirilməməsinin vacibliyini vurğulayıb.
Belçikalı mütəxəssis “Sky Sports”a açıqlamasında vəziyyətin ciddi olduğunu və hələ daha bir neçə ay futbol oyunlarının keçirilməməsinə ehtiyac olduğunu bəyan edib:
“Dünya hazırda rəqabətli bir futbola hazır deyil. Ümid edirəm ki, bu vəziyyət tez bir zamanda dəyişər. Bunun üçün də hazırda daha çox səbrli olmağımız lazımdı. İkinci dünya müharibəsindən sonrakı ən dramatik durumun şahidi olmaqdayıq. Gerçəyi anlamalı, vəziyyəti ciddiyə almalıyıq. Futbol yalnız təmas təkrar mümkün olduğu zaman oynanıla bilər. Çünki bu, bir təmas oyunudu. Bir çox ölkədə azarkeşli və ya azarkeşsiz oyunların keçirilməsinə hazırlıq getdiyini eşidirəm. Amma hər kəs bu məsələdə maksimum diqqətli olmalıdı. Yeni mövsümə avqustun sonunda və ya sentyabr ayında start verilsə, bu, daha sevindirici olar. Beləcə, ikinci koronavirus dalğasının qarşısı alınar”.
Xatırladaq ki, Mişel D'Oqu daha öncə çempionatlar bərpa olunandan sonra oyunlar zamanı tüpürən futbolçulara sarı vərəqə göstərilməsi təklifini də səsləndirmişdi.