“Fikrimiz daha çox Çempionlar Liqasında idi” - Qurban Qurbanov
- 24 Avq 2024 21:33
- 177
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində doğma meydanında "Turan Tovuz"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:
“Çempionata hazır olmaq baxımından bizim üçün çox vacib oyun oldu. Bu gün qarşımızda yaxşı müdafiə olunan, vuruşan kollektiv var idi. Kurban Berdıyev müdafiəni qurmaqda çox tanınmış mütəxəssislərdən biridir. Həmçinin əks-hücumları yaxşı qurur. Bunu bilirdik. Amma nə qədər də olsa, "Turan Tovuz"u yaxından tanımırdıq. İstər-istəməz bizim fikrimiz daha çox Çempionlar Liqasında idi. Buna baxmayaraq, rəqib qalib gəlibsə, borcluyuq təbrik etməyə. İstəkləri ilə, oyun nizam-intizamı ilə qalibiyyətə layiq idilər. Tovuzda həmişə futbola maraq olub. Bu gün də gördük ki, tribunada Tovuzdan gəlmiş nə qədər azarkeş var idi. Mövsümboyu qarşımızda yaxşı rəqib olacaq. Öz azarkeşlərimizə təşəkkür edirəm, sona qədər bizimlə oldular.
3-4 gündən bir iki heyət oynayanda futbolçuların hamısı bir yerdə məşq edə bilmir. Məşqin dinamikası, keyfiyyəti pozulur. Amma neçə illərdir biz belə davam edirik. Əvvəlki iki oyunda hiss olunmadısa, bu gün hiss olundu. Belə sıx qrafikdə futbolçuların hamısının sağlam olması vacibdir. Bizə qarşı çox ciddi hazırlaşan rəqiblər olur. Bu da normaldır. Mövsümün əvvəlidir. Belə məğlubiyyətlərin mənə, komandaya faydası çox olur”.