Filip Ozobiç: "Çempionluq haqda danışmaq tezdir"
- 16 Fev 2020 13:00
- 672
"Oyunun çətin olacağını bilirdik. Yaxşı ki, erkən qol vurduq. Düşünürəm ki, bu gün yaxşı oyun göstərdik. Belə davam etmək lazımdır".
Rekord.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, ilk 15 dəqiqədə hesabın 3:0 olması onlar üçün də gözlənilməz olub: "Amma matçın asan keçdiyini deməzdim. Meydanda maksimum güclə oynadıq. Qalib gəldiyimiz üçün sevincliyik. Qış fasiləsində yaxşı təlim-məşq toplanışı keçdik. Bu gün qeydə alınan hesab Antalyadakı hazırlığın nəticəsidir. Bu cür oynamağa davam etməliyik. Çempionluq haqda danışmaq tezdir. Düzdür, ən yaxın izləyicimizlə xal xərqimiz böyükdür. Amma qarşıda hələ çox oyunumuz var".
28 yaşlı futbolçunun sözlərinə görə, uzunmüddətli zədədən sonra özünü yaxşı hiss edir: "Hər şey qaydasındadır. Bu gün zədədən sonra start heyətdə meydana çıxdığım ilk oyun idi. Özümü yaxşı hiss edirəm".
Ozobiç qış fasiləsində Dani Kintana və Riçard Almeyda kimi futbolçuların "Qarabağ"ı tərk etməsinə də toxunub: "Futbolda belə hallar olur. Kimsə gedir, kimsə gəlir. Hesab edirəm ki, bizim başqa yaxşı oyunçularımız da var. Onlarla da yaxşı nəticələr qazanmaq olar".