“Heydər Əliyev kuboku”nun finalçıları bəlli oldu. "Rekord.az" xəbər verir ki, bu gün Voleybol Mərkəzində qadın voleybolçular arasında “Heydər Əliyev kuboku”nun yarımfinal oyunları keçirilib.

Günün ilk qarşılaşması “Murov” və “Abşeron” komandaları arasında olub. Gərgin keçən ilk seti "Abşeron" 25:20 hesabı ilə öz xeyrinə başa vurub. Növbəti hissələrdə də Famil Ağayevin yetirmələri rəqibdən daha az səhv edərək qalib gəliblər - 25:14, 25:22. Beləliklə, "Murov"u 3:0 hesabı ilə məğlub edən "Abşeron" turnirin finalına yüksəlib.

Yarımfinalın növbəti matçı isə “Azərreyl” və UNEC kollektivləri arasında olub. Bu görüş ehtimal olunduğu kimi Eldar Yusubovun yetirmələrinin üstünlüyü ilə keçib. İlk setdən təşəbbüsə yiyələnən komanda meydandan 3:0 (25:9, 25:10, 25:6) hesablı qələbə ilə ayrılıb. Bir neçə gün əvvəl başa çatmış ölkə çempionatının qızıl medalını qazanmış "Azərreyl" yarışın ikinci finalçısı olub.

Beləliklə, "Heydər Əliyev kuboku"nun finalında "Abşeron" və "Azərreyl" klubları üz-üzə gələcəklər. Qarşılaşma aprelin 28-də saat 16:00-da keçiriləcək.

Qeyd edək ki, kişi voleybolçuların yarımfinal oyunları sabah baş tutacaq. Saat 16:00-da meydançaya "Xarı bülbül Şuşa" və "Neftçi", iki saat sonra isə "Murov" və MOİK kollektivləri çıxacaqlar.

Oyunların nəticəsi
26.04.2023
Yarımfinal (qadınlar)

 “Abşeron” - “Murov” 3:0 (25:20, 25:14, 25:22)
 “Azərreyl” - UNEC 3:0 (25:9, 25:10, 25:6)
Məkan: Voleybol Mərkəzi
 
Növbəti oyunlar
27.04.2023
Yarımfinal (kişilər)

16:00 “Xarı bülbül Şuşa” - “Neftçi”
18:00 “Murov” - MOİK
Məkan: Voleybol Mərkəzi

28.04.2023
Final (qadınlar)

16:00 “Abşeron” - “Azərreyl” (CBC SPORT-canlı)
18:00 Final (kişilər) (CBC SPORT-canlı)
Oyunlardan sonra turnirin bağlanış mərasimi
Məkan: Voleybol Mərkəzi