Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının final mərhələsi start götürüb. "Rekord.az" xəbər verir ki, bu gün Voleybol Mərkəzində üçüncülük uğrunda və finalın birinci qarşılaşmaları keçirilib.

İlk olaraq meydana Yüksək Liqanın bürünc medalı üçün yarışan "Neftçi" və MOİK klubları çıxıblar. Bu görüş 3 set davam edib. Matçın əvvəlindən üstünlüyə yiyələnən "Neftçi" yekunda quru hesabla qələbə qazanıb.

Daha sonra finalın ilk oyunu keçirilib. "Xarı bülbül" və "Murov" kollektivləri arasında baş tutan bu qarşılaşma isə daha gərgin alınıb. "Xarı bülbül" matça daha yaxşı başlayıb və ilk setdə qələbə qazanıb. Lakin bundan sonra "Murov" təşəbbüsü ələ alaraq növbəti 3 hissəni öz xeyrinə başa vurub.

Beləliklə, "Murov" 3:1 hesablı qələbə ilə çempionluq yolunda ilk addımı atıb.

Qeyd edək ki, reqlamentə əsasən komandalar üç qələbəyədək mübarizə aparırlar. Bürünc medal və finalın növbəti oyunlarının keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.

Yüksək Liqa
11 aprel
Bürünc medal uğrunda (1-ci oyun)

   "Neftçi" - MOİK 3:0 (25:19, 25:18, 26:24)


Final
   "Xarı bülbül" - "Murov" 1:3 (25:20, 20:25, 19:25, 17:25)