FIVB-nin məşqçilər üçün seminarı başa çatdı
- 07 İyl 2023 19:10
- 326
Bakıda voleybol məşqçiləri üçün keçirilən beynəlxalq seminar başa çatıb. "Rekord.az" xəbər verir ki, iyulun 3-dən 7-nə kimi davam edən Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level 1 seminarı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və FIVB-nin dəstəyi, Milli Olimpiya Komitəsi (MOK), və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə keçirilib.
Seminarda Bakı və bölgələrimizdən olan məşqçilərlə yanaşı, Türkiyə, Almaniya və İrandan ümumilikdə 34 mütəxəssis iştirak edib. Seminara rəhbərliyi türkiyəli Cengiz Akarçeşmə edib, onun asistenti isə daha öncə FIVB-nin məşqçilik sertifikatı almış, millimizin də üzvü olan Tural Həsənli olub.
Seminar nəzəriyyə və təcrübədən ibarət olub. İyulun 6-da iştirakçılar praktiki yoxlamadan keçiblər. Burada lazımi bal toplayan mütəxəssislər bir gün sonra baş tutan nəzəri imtahanda iştirak haqqı qazanıblar. İyulun 7-də keçirilən son imtahandan sonra yüksək nəticə göstərmiş iştirakçılar müəyyənləşib. İmtahanda iştirak edən 29 nəfərdən 17-i FIVB-nin Level 1 dərəcəli beynəlxalq sertifikatına layiq görülüb.
İmtahanlardan sonra seminarın bağlanış mərasimi keçirilib. Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftəhətdinova, AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, FIVB-nin məşqçi-instruktoru türkiyəli Cengiz Akarçeşme və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən Çingiz Hüseynzadə MOK-un yerli məşqçilərin yetişməsinə və beynəlxalq səviyyəyə yüksəlməsinə xidmət edən layihələr gerçəkləşdirdiyini bildirib. Ölkəmizdə voleybolun uğurlu ənənəyə malik olduğunu deyən vitse-prezident bu idman növünün inkişafı istiqamətində görülən işlərdən danışıb Ç.Hüseynzadə belə layihələrin davam etdiriləcəyini əlavə edib. O, sertifikat alan məşqçiləri təbrik edib və onlara uğurlar arzulayıb.
Sonra Faiq Qarayev çıxış edərək seminarı uğurla başa vurmuş mütəxəssisləri təbrik edib. F.Qarayev hər bir idman növününün inkişafında məşqçilərin rolunun vacibliyini vurğulayıb. Onun sözlərinə görə, belə layihələr məşqlilərin beynəlxalq səviyyəyə yüksəlməsində mühüm əhəmiyyətə malikdir.
Tədbirdə çıxış edən Bəhruz Quliyev uşaq voleybolunun inkişafına böyük diqqət ayrıldığını bildirib və AVF-nin bununla bağlı həyata keçirdiyi tədbirlərdən danışıb. O, artıq bu istiqamətdə bir sıra işlər görüldüyünü, əcnəbi mütəxəssislərin də cəlb olunduğunu vurğulayıb. Bildirib ki, həmçinin Bakıda regional voleybol klublarının yaradılması da nəzərdə tutulur. B.Quliyev fərqlənən mütəxəssisləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Seminara rəhərlik edən türkiyəli mütəxəssis Cengiz Akarçeşme çıxış edərək layihənin məşqçilər üçün nəzəri və təcrübi cəhətdən böyük əhəmiyyətə malik olduğunu bildirib. Mütəxəssis qeyd edib ki, digər ölkələrdə belə seminarlar ödənişli olduğu halda, Bakıda bu layihə ödənişsiz təşkil edilib. O, bunun Azərbaycanda voleybolun inkişafına böyük diqqət ayrıldığının göstəricisi olduğunu deyib və bu halı yüksək qiymətləndirib.
Sonda Level 1 dərəcəsi alan məşqçilərə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.
Qeyd edək ki, yaxın vaxtlarda Bakıda FIVB-nin Level 2 və Level 3 seminarlarının keçirilməsi də nəzərdə tutulur.