FIVB-nin təlimatçı-eksperti Bakıda səfərdədir
- 30 Avq 2024 09:37
- 370
Beynəlxalq Voleybol Federasiyasının (FIVB) təlimatçı-eksperti Athanasios Papageorgiou ölkəmizdə səfərdədir. "Rekord.az" xəbər verir ki, sentyabrın 3-dək davam edəcək səfərin əsas məqsədi paytaxtda və bölgələrdə yerləşən voleybol bazaları ilə tanışlıq və yaxın gələcək üçün inkişaf planının hazırlanmasıdır.
Bu gün Athanasios Papageorgiou və FIVB-nin məşqçi-instruktoru, Azərbaycan Voleybol Federasiyasının (AVF) Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) Tədrisin Təşkili üzrə prorektoru Rafail Novruzov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə ilə görüşüblər.
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və FIVB-nin dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və AVF-nin birgə təşkil etdiyi “Milli İdman Sistemlərinin İnkişafı” (DNSS) proqramı çərçivəsində baş tutan görüşdə MOK-un layihələr üzrə meneceri Ceyhun Rəhmanov, AVF-nin Regional İnkşaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova da iştirak ediblər. ADBTİA-nın Elmi-tədris laboratoriyasında və Media Mərkəzində olan qonaqlar burada tələbələr üçün yaradılan şəraitlə tanış olublar. ADBTİA-nin idman zalına da baxış keçirən qonaqlar gələcəkdə burada “İnkişaf Mərkəzi”nin yaradılması üçün lazımi şəraitlə tanış olublar, bununla bağlı müzakirələr aparılıblar.
Daha sonra A.Papageorgiou və C.Akarçeşme voleybol haqqında yazdıqları kitablarını AİA-nın kitabxanasına hədiyyə ediblər.
Qeyd edək ki, DNSS proqramı çərçivəsində Gəncədə və Bakıda voleybol məşqçi-müəllimləri üçün seminarlar da keçiriləcək.