Formasız milli
- 17 Noy 2024 12:18
- 256
Emosiyalar öz yerində, amma millinin dünənki oyunundakı süstlüyün obyektiv səbəbləri də var. Soyuq başla kiçik bir sadə analiz edək.
Gəldiyim nəticə: komanda formada deyildi.
Sual: start heyətində meydana çıxan futbolçuların neçəsi öz komandasında əsas heyət oyunçusudu?
Rza - start heyət oyunçusudu.
Abbas - deyil.
Bəhlul - deyil.
Bədavi - sayıla da bilər, sayılmaya da.
Elvin - start heyət oyunçusudu.
Aleksey - deyil.
Coşqun - start heyət oyunçusudu.
Ozan Can - start heyət oyunçusudu.
Ramil - deyil.
Toral - deyil.
Musa - deyil.
**
Sonradan meydana çıxanlar:
Nəriman - deyil.
Xəyal - deyil.
Dünən meydanda ən yaxşılar kim idi: Coşqun, Ozan Can və Elvin? İndi yuxarıdakı siyahıya bir də baxın. Öz komandasında mütəmadi start heyətində oynayanlar kimdisə, onlar da normal futbol oynadılar. Ayrı vaxt 90-cı dəqiqədə də o baş-bu baş qaçan Şeydayevin dünən 80-ci dəqiqədə yeriməyə də heyi qalmamışdı. Çünki formada deyil. Düzü, formada olanda da bir şey deyildi, ancaq bu dəfə obyektiv səbəb var.
Komandanın 30-75-ci dəqiqələr arasında aktiv olmasının səbəbi də həmin bu formadı. Biz oyuna adaptasiya olana qədər rəqib daha yaxşı oynadı, sonra biz "xoda düşdük". Enerjimiz də tükənməz deyil, toplam 40-45 dəqiqə yaxşı qaça, pressinq edə, rəqibi təzyiq altında saxlaya bildik. Sonra fiziologiya öz sözünü dedi və təbii eniş başladı. Hər şey bu qədər sadədi. Futbol oyun olsa da, həm də idmandı. Onun da öz qanunları var.
Santuşun dediklərini də qəribliyə salmamalıyıq. Formaya düşən Eminin zədəsi, "Nürnberq"də son zamanların ən yaxşı formasında olan Mahir olsaydı, bəlkə də nəyisə dəyişə bilərdik. Yenə də adlarını çəkdiklərimin oynadıqları vaxtları da görmüşük, bir işə yaramayıblar, amma "bu dəfə də yaramayacaqdılar" iddiası düz deyil. Hər şey ola bilərdi.
Ola bilərdi, yəni qalib gələ də bilərdik. Hə, bu qələbə nəyisə dəyişəcəkdimi? Yox, təbii ki. Bəlkə qalib gəlsəydik, əllərinə şans düşəcək, durumun o qədər də faciəvi olmadığı təəssüratı yaratmaq imkanı qazanacaqdılar. Amma buna görə milliyə uğursuzluq arzulaya bilmərik. Nə olursa-olsun, başında, içində kim varsa da, 90 dəqiqədə qələbəsini arzulamalıyıq.
Dünən yığma formada olmayanlardan qurulmuşdu, məcburən. Hə, Premyer Liqada 3-5 oyunçu var ki milliyə dəvət olunmalıydı, amma dəhşətli haqsızlıq edildiyini də düşünmürəm. Sırf bu baxımdan Santuşa "ədalətsiz" damğası da vura bilmərik, haqsızlıq olar. Yəni məşqçi işini normal görür, normal olmayan isə nəticədi.
Nəticəni də məşqçi qazanmalıdı.
Fəlsəfədə "taxtanın iki ucu" termini var. Bu da ona uyğun gəlir. Konkret bu məsələdə baş məşqçi barədə "işini görmür" də deyə bilmirik, "nəticə qazanır" da deyə bilmirik. O da var, bu da. "Bu oyunçularla heç kim nəticə qazana bilməz" də deyə bilirik, "onda əcnəbi məşqçi nəyimizə lazımdı, elə özümüzünkülər də uduza bilir" də.
İndi hansını seçək?
Kənan Məstəliyev, Rekord.az