"Formula 1": İlk test yürüşünün qalibi müəyyənləşdi
- 19 Fev 2020 14:18
- 934
Bu gün "Formula 1" üzrə dünya çempionatının mövsüm öncəsi ilk test sessiyası start götürüb.
Rekord.az-ın məlumatına görə, İspaniyanın Barselona şəhərində keçirilən səhər sessiyasında ən yaxşı nəticəni Almaniyanın "Mercedes" komandasının pilotu Valtteri Bottas göstərib - 1 saat 17,313 saniyə (79 dövrə).
Böyük Britaniyanın “Reysinq Poynt” komandasının sürücüsü Serxio Peres 1 saat 17,375 saniyə (58 dövrə) göstərici ilə ikinci olub. Avstriyanın "Red Bull" kollektivinin pilotu Maks Ferstappen isə üçüncü ən yaxşı nəticəyə imza atıb - 1 saat 17,787 saniyə (91 dövrə).
Qeyd edək ki, mövsüm öncəsi ilk test sessiyası fevralın 21-dək davam edəcək. İkinci testlər isə 26-28 fevral aralığında olacaq. "Formula 1" üzrə 2020-ci il dünya çempionatında ilk Qran-pri 13 - 15 martda Avstraliyadakı “Albert Park” trasında keçiriləcək. Mövsümə 27 - 29 noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 5-7 iyunda olacaq.