Formula 1-in 4 ildə Azərbaycana qazandırdığı gəlir açıqlandı
- 15 Yan 2020 16:40
- 1224
Bu gün Formula 1 yarışı üzrə Bakı Şəhər Halqasının mətbuat konfransı keçirilib.
Rekord.az xəbər verir ki, Formula-1 Azərbaycan qran-prisi haqqında məlumat verən yarışın mətbuat xidmətinin rəhbəri Nigar Arpadarai bildirib ki, bu idman növünün Bakıda təşkilinin ölkəyə iqtisadi faydası böyük olub. Arpadarai bildirib ki, Formala 1 yarışı dünyanın ən böyük tədbirlərindən biridir:
“Hər il 20-dən çox ölkədə yarışlar keçirilir. Bu il Azərbaycanda keçirilən 5-ci qran-pri olacaq. İlk dörd yarış çox yüksək səviyyədə təşkil olunub. Yarış 20 ölkədə, 5 qitədə keçirilir. Eyni zamanda, dörd azarkeş festivalı da təşkil olunub”.
Konfransda bildirilib ki, “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audiot şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda 2016-2019-cu illər ərzində keçirilən yarışlar ölkəyə əhəmiyyətli dərəcədə faydalı olub. Araşdırmanın nəticələrinə görə, Formula 1 yarışları indiyədək Azərbaycana 506,3 milyon dollardan çox gəlir gətirib. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət, elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir. Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektorları tutur ki, Bakıda baş tutmuş 4 qran-pri ərzində qeydə alınmış birbaşa gəlirlərin 73,8 milyon dolları məhz bu sektorların payına düşür. İndiyədək Bakıda keçirilmiş dörd qran-pri ərəfəsində qeydə alınmış dolayı gəlirlər isə ümumilikdə 205,7 milyon dollar təşkil edib. Hesablamalara görə, 2016 və 2017-ci illər ərzində 5-10 min arasında qısa və orta müddətli yeni iş yerləri açılıb. 2018 və 2019-cu illərdə isə bu göstərici 7,5 min təşkil edib.
Konfransda bildirilib ki, Formula 1 yarışına bilet satışı iki aydır ki, başlayıb və endirimli biletlərin satışı artıq dayanıb. Keçən illərlə müqayisədə bu il ilk dəfə yarışa sözügedən müddət ərzində bu qədər bilet satılıb.
Eyni zamanda, bu il yarışda azarkeş sayının artacağı gözlənilir. Bu azarkeşlərin böyük hissəsinin əcnəbilər olacağı ehtimal olunur.
Formula-1 Azərbaycan qran-prisi bu il 5-7 iyun tarixlərində keçiriləcək.