Frankonun revanşı AÇ-2024-ə doğru
- 03 May 2024 12:37
- 723
Futbol üzrə 2-ci Avropa çempionatı 1964-cü ildə İspaniyada keçirildi. O İspaniyada ki, 4 il öncə Fransada keçirilən ilk turnirdə iştirakdan imtina etmişdi. Onların imtinasına səbəbkar olan SSRİ isə yekunda ilk Avropa çempionatının qalibi adını qazanmışdı. Lakin ispanlardan fərqli olaraq, sovet hökuməti İspaniyadakı turnirə qatılmağa razılıq verdilər.
İştirakçıların sayı artsa da...
İlk Avropa çempionatı ilə müqayisədə 2-ci turnirdə iştirakçı sayı artmışdı. Fransadakı turnirə 17 komanda təsnifat mərhələsindən start vermişdisə, bu dəfə bu say 29-a yüksəlmişdi. Əslində say daha çox ola bilərdi. Lakin Finlandiya, Şotlandiya və Qərbi Almaniya son anda seçmə mərhələyə qatılmaqdan imtina etdi. Yeri gəlmişkən, almanlar ilk Bundesliqaya məhz 1964-cü ildə start verdilər və Avropa çempionatından imtinanı da məhz buna bağladılar. Yunanıstan isə seçmə mərhələdə iştirakla bağlı ərizə versə də, sonradan onlar da yarışdan imtina qərarı verdilər. Onların bu qərarının səbəbi isə püşkdə Albaniyaya rəqib düşmələri oldu. Belə ki, həmin vaxt bu iki ölkə müharibə şəraitində idi. Məhz bu püşkə görə də yunanlar, ümumiyyətlə, turniri boykot etdilər.
Final mərhələ yenə 4 komandadan təşkil olundu
Pley-offdan mübarizəyə başlayan 29 komanda ev-səfər prinsipi üzrə üz-üzə gəldilər. Bu mərhələnin sürpriz komandası Lüksemburq oldu. Yeri gəlmişkən, Lüksemburq SSRİ və Avstriya ilə birlikdə turnirə ikinci mərhələdən qoşulmuşdu. Komandalar yarımfinala kimi ev-səfər prinsipində çıxış etdilər. Yalnız yarımfinala çıxan 4 komanda qalibi müəyyən etmək üçün bir ölkəyə, turnirə ev sahibliyi edən İspaniyaya toplaşacaqdı. Lüksemburq 1/8 finalda gözlənilməz şəkildə Niderlandı mübarizədən kənarlaşdıraraq, yarımfinalın bir addımlığına qədər gəlsə də, burada Danimarkaya yalnız əlavə oyunda minimal hesabla uduzaraq yarımfinala çıxmaq şansını əldən verdi. Beləliklə yarımfinala 4 komanda vəsiqə qazandı: İspaniya, SSRİ, Macarıstan və Danimarka.
Sensasiya baş vermədi
Final mərhələnin oyunları 1964-cü il 17-21 iyun aralığında İspaniyanın iki əzəmətli stadionu olan Madriddəki "Santyaqo Bernebau" və Barselonadakı "Nou Kamp"da təşkil olundu. İlk yarımfinal matçı iyunun 17-də "Santyaqo Bernebau"da İspaniya ilə Macarıstan arasında oynanıldı. İspanlar əlavə vaxtda Amansionun vurduğu qolla finala vəsiqə qazandı. İkinci yarımfinal oyunu isə eyni gündə "Nou Kamp"da SSRİ ilə Danimarka arasında baş tutdu. Danimarkalılar güclü rəqibinə ciddi müqavimət göstərə bilməyincə, qarşılaşma sovet futbolçularının 3:0-lıq qələbəsi ilə başa çatdı. Beləliklə, ev sahibləri İspaniya 4 il öncə qabaqlarından qaçdıqları SSRİ ilə final oynamaq məcburiyyətində qaldı...
Frankonun revanşı
Franko kuboku həmyerlilərinə təqdim edir
İspaniya - SSRİ finalı o dövr üçün çox prinsipial bir oyun hesab olunurdu. Məlum olduğu kimi, 4 il öncə, Fransada keçirilən ilk Avropa çempionatına ispanlar məhz SSRİ-yə görə qatılmamışdılar. Daha doğrusu, bu iki komanda püşkə əsasən təsnifat mərhələsində bir-birinə rəqib olmuşdu. SSRİ rəhbərliyi qarşılaşmaların oynanılmasına və İspaniyaya səfər etməyə qarşı çıxmasa da, İspaniyanın rəhbəri, daha çox diktator kimi tanınan Franko ölkəsinin SSRİ ilə qarşılaşmasına, bu ölkəyə səfərinə icazə verməmişdi. Deyilənə görə, o, əks ideologiyada olan rəqibə uduzmaqdan qorxduğu üçün bu addımı atmışdı. Hətta onun bu qərarını o vaxt SSRİ-yə rəhbərlik edən Nikito Xruşov ironik təbəssümlə şərh etmişdi: "İstənilən halda, Franko öz ağaları qarşısında əyildi. İndi bütün dünya onun bu "idman fəndi"nə gülür. O, ölkəsinin futbolçularının sovet futbolçularına qarşı oynamasına qadağa qoymaqla Amerika prestijinin sağ cinah müdafiəçisi kimi çıxış etmiş oldu və öz qapısına avtoqol vurdu".
Nikita Xruşov
Hər halda, aradan 4 il keçməsinə baxmayaraq, olanları Franko da unutmamışdı və gözəl başa düşürdü ki, öz zədələnmiş reputasiyasını bərpa etməlidir. Bunun üçün isə İspaniya mütləq şəkildə SSRİ-ni məğlub etməli idi. Final matçı iyunun 21-i "Santyaqo Bernebau"ya təyin olunmuşdu. Bundan bir gün qabaq isə "Nou Kamp"da 3-cü yer uğurunda görüşdə Macarıstan Danimarkanı 3:1 hesabı ilə məğlub etmişdi. Finala Madriddə maraq böyük idi və tribunalara 80 minə yaxın azarkeş toplaşmışdı. Görüşü isə ingilis Artur Holland idarə edirdi. Bu arada, Frankonun məntiqsiz olaraq, qəbul etdiyi qərar da baş məşqçi Villalonqanı pis vəziyyətdə qoymuşdu. Belə ki, diktator ölkədən kənarda doğulan ispanların milliyə cəlb olunmasına qadağa qoymuşdu ki, bu da Ferens Puşkaş və Alfredo Di Stefano kimi əfsanələrin İspaniya millisinə yolunu bağlamışdı. SSRİ hökuməti isə təbliğat və uğur baxımından ciddi bir qadağa tətbiq etmirdi. Hətta sovet jurnalistlərinə ilk dəfə İspaniyaya səfər etmək icazəsi verildi və "Pravda"nın əməkdaşları sovet futbolçularını müşayiət edirdi. İspan futbolçuların üzərində böyük təzyiq var idi və bunu o vaxt İspaniya mətbuatına açıqlamasında komandanın aparıcı futbolçularından olan Rivilla da etiraf etmişdi: "Qazonun vəziyyətini öyrənmək üçün stadiona getmişdim. Yağış yağırdı və mən hansı buts ilə oynayacağımla bağlı qərar verməli idim. Əvvəldən artıq əsəbi vəziyyət hökm sürürdü. Çünki bu, final idi və həyatımızın ən vacim matçı idi".
İspan futbolçularına ən böyük təzyiq yaradan isə Frankonun şəxsən tribunadan oyunu izləməsi idi. Hətta hər kəs onun tribunada yerini tutmasını gözlədiyi üçün oyun da gec başladı. Kral əyləşmədən final başlaya bilməzdi, təbii ki. Əfsanəvi sovet futbolçusu Andrey Starostin isə sonralar yazdığı kitabında həmin anları belə təsvir etmişdi: "Soyunub-geyinmə otağından stadiona gedərkən pilləkəndə ispan futbolçularının həyəcanlı olduğunu gördüm. Amma gözlərində qeyri-adi parıltı, sifətlərində qızartı var idi. O vaxt təbii ki, dopinq-test yox idi".
Çox gərgin şəkildə keçən oyundan ispanlar qalib ayrıldı. Baxmayaraq ki, Pereda 6-cı dəqiqədə hesabı açsa da, 2 dəqiqə sonra Xusainov cavab qolunu vurmuşdu. Bundan sonra komandalar uzun müddət fərlənə bilmədi və nəhayət, 84-cü dəqiqədə sovet futbolçularının müdafiədə yol verdiyi diqqətsizlik onlara baha başa gəldi və Marselino ispanlara Avropa çempionluğunu gətirən qolu vurdu.
Franko ziyafət verdi, Xruşov bağışlamadı
Finaldan sonra düşərgələrdə fərqli ab-hava hökm sürürdü. Franko təbii ki, göyün yeddinci qatında idi. O, 4 il əvvəlki olayın revanşını almışdı. Təsadüfi deyil ki, matçdan dərhal sonra futbolçular üçün böyük ziyafət təşkil edərək, onlarla fəxr etdiyini bildirdi, hər bir futbolçunun əlini tək-tək sıxdı.
SSRİ düşərgəsində isə tam əks vəziyyət idi. Komanda Moskvaya qayıdan kimi millinin baş məşqçisi Konstantin Beskov və milli komandanın rəhbəri Andrey Starostin tutduqları vəzifələrdən qovuldular. Yuxarının rəsmi mövqeyi isə belə idi: "Milli komandaya verilən tapşırığın yerinə yetirilməməsi və milli komandanın hazırlığının təşkilində böyük səhvlərə yol verilib".
Qeyri-rəsmi məlumatlara görə isə həmin vaxt final matçı SSRİ-də də yayımlanmışdı və oyundan dərhal sonra Frankonun gülərüz siması SSRİ hakimiyyətini hiddətləndirmişdi...
Yarımfinal
İspaniya - Macarıstan 2:1
Qollar: Pereda, 35; Aamansia 112 - Bene, 84
17 iyun, Madrid, "Santyaqo Berenbau", 34713 tamaşaçı.
Baş hakim: Artyur Blavye (Belçika)
İspaniya: İribar, Rivilya, Olivelya (k), Soko, Kalyexa, Fuste, Pereda, Amansio, Marselino, Martines, Suares, Lapetra.
Macarıstan: Sentmixai, Matrai, K.Mesey, Şaroşi, İ.Nad, Şipoş, Komora, Bene, Albert, Tixi (k), Fenveşi.
Yarımfinal
SSRİ - Danimarka 3:0
Qollar: Voronin, 19; Ponedelnik, 40; İvanov, 87
17 iyun, Barselona, "Nou Kamp", 38558 tamaşaçı.
Baş hakim: Konçetto Lo Bello (İtaliya)
SSRİ: Yaşin, Mudrik, Şustikov, Şesternyov, Voronin, Aniçkin, Çislenko, V.İvanov (k), Ponedelnik, Qusarov, Xusainov.
Danimarka: L.Nilsen, Y.-Y.Hansen, K.Hansen, B.Hansen, Birger Larsen, Torst, Erlinq Nilsen, K.Bertelsen, U.Madsen-I (k), U.Serensen, D.Danielsen.
3-cü yer uğrunda oyun
Macarıstan - Danimarka 3:1
Qollar: Bene, 11; Novak, 107 (pen), 110 - Bertelsen, 82
20 iyun, "Nou Kamp", 3869 tamaşaçı
Baş hakim: Daniel Melte (Danimarka)
Macarıstan: Sentmixai, Novak, K.Mesey, İxas, Şipoş (k), Şoymoşi, Y.Farkaş, Z.Varqa, Albert, Bene, Fenveşi.
Danimarka: L.Nilsen, Volmar, Birger Larsen, K.Hansen, B.Hansen, Erlinq Nilsen, K.Bertelsen, Torst, U.Serensen, U.Madsen-I (k), D.Danielsen.
FİNAL
İspaniya - SSRİ 2:1
Qollar: Pereda, 6; Marselino, 84 - Xusainov, 8
21 iyun, "Santyaqo Bernebau", 79115 tamaşaçı
Baş hakim: Artur Holland (İngiltərə)
İspaniya: İribar, Rivilya, Olivelya (k), Soko, Kalyexa, Fuste, Suares, Pereda, Amansio, Marselino Martines, Lapetra.
SSRİ: Yaşin, Mudrik, Şustikov, Şesternyov, Aniçkin, A.Korneyev, Voronin, Çislenko, V.İvanov (k), Ponedelnik, Xusainov.
Hazırladı: Anar XANLAROV