Futbola daraşanların növbəti "beyin məhsulu" və pul dağarçığı
- 15 Fev 2020 17:00
- 910
Rekord.az "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovun müsahibəsini təqdim edir:
Tahir bəy, artıq neçə vaxtdır Azərbaycan millisi baş məşqçisiz qalıb. AFFA-nın baş katibi Elxan Məmmədov isə Azərbaycan millisinə 32 namizədin olduğunu deyib. Sonra da açıqlayıb ki, onlar arasında azərbaycanlı mütəxəssis yoxdur. Bu nədən xəbər verir, yerli məşqçilərə etimadsızlıqdan, ya...
- Ümumi futbol adına ən böyük strateji səhv elə milliyə baş məşqçi müzakirələrinin bu səviyyədə aparılmasıdır. Üstəgəl də mənasız U-23 məsələsi ortaya atılır. Bunların hamısı yanlış addımlardır ki, illərdir davam edir. Ölkə futbolunun mövcud problemləri milliyə baş məşqçi təyinatı ilə düzələn deyil. Fərq etməz, əcnəbi və ya yerli...
15 ildə futbola yatırılan 100 milyonlar, dövlət qayğısı sayəsində Torres, Diniyev, Foqts, Prosineçki, Qurbanov, Yurçeviç və onlarla köməkçi yerli-əcnəbi məşqçilərlə nəyə nail olundu?! Təəssüf ki, Azərbaycan futbolunda analizlər düzgün aparılmır, bataqlığa düşdükcə eyni addımlar təkrar-təkrar atılır.
İndi də 32 (!) namizəd müzakirə edilir. Bunun özü ciddilikdən uzaq yanaşmadır. O məşqçilərin hər birinin futbolda fərqli düşüncələri, fəlsəfələri var. Azərbaycan futbolunun tarixən öz ənənəvi oyun üslubu var. Əsasən orta, qısa ötürmələrlə texnikalı oyuna söykənir. Güclü və zəif tərəfləri öz yerində, ilk növbədə yerli futbol mədəniyyətinə, fəlsəfəsinə uyğun məşqçilər nəzərdən keçirilməlidir. Yoxsa, əsasən işsiz qalan əcnəbi məşqçilərin siyahısını tərtib etməklə onsuz da nüfuzdan salınan ölkə futbolu daha da aşağılanır. Bu, futbola doğru münasibət deyil, diletantlıq, ortada gəzənlərin, futbola daraşanların növbəti beyin məhsulu, pul dağarçığıdır...
Ölkə futbolunun böhranı isə daha dərindir. Köhnə-yeni AFFA rəhbərliyi müəyyənləşdi. Bakıda, bölgələrdə inşa edilmiş müasir stadion-komplekslər böyük futbolsuz qalıb, klublar dağılıb. Ölkədə istedadlar yetərincə olsa da, futbol sisteminin yararsızlığından onlar üzə çıxmır, yetişmir, bələkdə boğulur. Bunun əvəzinə bütün yaş qrupları üzrə yığmalara onlarla legioner futbolçular milliləşdirilir. AFFA rəhbərliyi nəhayət, futbolda olan bütün düşünən beyinləri futbol adına bir araya gətirməlidir.
İndiki atılan addımlar son illərdəki yanlış gedişlərin təkrarıdır. Əgər məqsəd Azərbaycan futbolunun inkişafıdırsa, düşüncələr fərqli olmalıdır. Son həftələrdəki U-23 "ideya"ları buna bir daha sübutdur.
Ölkədə milliyə baş məşqçi məsələsi müzakirə edilməməlidir, ümumi ölkə futbolundakı durum, vəziyyətdən çıxış yolları müzakirəyə çıxarılmalıdır.
"Formula-1" maşınınız yoxdursa, istəyir dünya səviyyəli pilot gətirin, nə xeyri. "Pobeda"ya minib qələbələr qazanmaq mümkünsüzdür. İlk növbədə futbol təssərrüfatında bütün sahələri üzrə eyni inkişaf tempini təmin etmək lazımdır. Buraya infrastruktur, müasir qurğulardan səmərəli istifadə, uşaq futbolundan tutmuş klubların bərpası, çempionatın səviyyəsi və digər məsələlər kompleks halında daxildir. Əks halda, milli deyə-deyə 3-5 il də itiriləcək...
- Maraqlıdır ki, AFFA-nın siyahısında olan məşqçilər bizim yığmaya gəlməkdənsə, öz çempionatlarında – məsələn, Kononovun “Riqa”ya gedişi - aşağı yerləri tutan klublara keçməyə üstünlük verirlər, nəinki Azərbaycan yığmasına başçılıq etməyə. Bunun səbəbi nədir?
- Azərbaycan millisi, futbolda qeyd olunan düşüncə təfəkkürü özünə hörmət edən əcnəbi məşqçilər üçün son variantdır. Təqaüd yaşında olanlar, Yurçeviç kimi “ikincilər”, işsiz qalanların gün keçirmək, yüz minlər, milyonlar qazanmaq üçün baxdıqları məkandır. Mənəvi tərəfləri çıxmaq şərtilə onların heç bir günahı yoxdur. Ölkə futboluna bu münasibət yaradılıb. Ölkə futbol ictimaiyyətinə də səslənirəm, baş məşqçi məsələsi nə qədər az müzakirə edilsə daha xeyirli olar. Ölkə futbolunun dərdi torreslər, foqtslar, yurçeviçlər, lippertlər deyil. Azərbaycanda gənc nəsil futbol genefondu məhv edilib. Bu və ümumi futbolda çıxış yolları müzakirə edilməli və futbol başbilənləri bu istiqamətdə əməli işlər görməlidir (lent.az).