“Futbolçularımla fəxr edirəm” - Diniyev
- 30 Avq 2024 20:19
- 180
“Səbail” Azərbaycan Premyer Liqasının 5-ci turunun açılış matçında “Turan Tovuz”un qonağı olub.
Rekord.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan Bakı klubunun baş məşqçisi Şahin Diniyevin oyundan sonra mətbuat konfransı keçirilib. Diniyev bu matçda ən azı bir xala layiq olduqlarını düşündüyünü bildirib:
“Turan Tovuz”u təbrik edirəm. Birinci hissədə rəqib yaxşı oynadı. Maraqlı oyun oldu. Azarkeşləri gərginlikdə saxlayan oyun oldu. Futbolçularımla fəxr edirəm. İkinci hissədə çox yaxşı futbol oynadılar. Möhtəşəm idilər. Futbolçularım ilk dəfə idi belə atmosferdə oynayırdılar. Azarkeşlərin təzyiqi var idi. Komandam gənc oyunçulardan qurulub. Düşünürəm ki, bu oyunda ən azı bir xala layiq idik. Olmadı.
Tam əminliklə deyə bilərəm ki, komandam düzgün yoldadır. Bunu ikinci hissədəki oyunumuzla da göstərdik. Əsas odur ki, oyunumuz var, düşünürəm ki, qələbələr olacaq. Bu gün mən futbolçularımın hər birinə təşəkkür etdim ki, sizinlə fəxr edirəm. Qısa zamanda yığılan bir komandadır, göstərdiyimiz oyunla gələcəyə nikbin baxa bilərik.
Kurban Berdıyev tanıdığım məşqçidir, çox yaxşı münasibətim var. Çox təcrübəli məşqçidir. Onu təbrik edirəm, bəli, hiss olunur ki, burada məşqçi əli var”.