PFL prezidenti Ramin Musayev  deyib ki növbəti mövsüm "Kəpəz" və "Turan Tovuz" Premyer Liqaya gətiriləcək. İlk öncə ondan başlayaq ki mövsümün ortasında çempionatı keçirən qurumun rəhbərindən bu cür açıqlama qeyri-peşəkarlıqdan başqa bir şey deyil. Bu açıqlamanın özü sübut edir ki bizdə əsasnamə və idman prinsipləri ayaq altına atılıb tapdalanır.

İkincisi, görəsən bu komandalar hansı pulla elitaya gətirilir? "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev özü açıqladı ki, təcrübəli futbolçular 800 manat maaş istəyir və onu verməyə imkanları yoxdur. 800 manat maaş verməyə imkanı olmayan klub elitaya hansı pulla gedir?

 

Rekord.az xəbər verir ki, "Kəpəz"də durum daha acınacaqlıdır.

Təsəvvür edin, bu klubda forma geyinən gəncəli gənc futbolçulara ayda 150-200 manat maaş verilir. 150-200 manata hansı normal futbolçu futbol oynayar? AFFA 150 manatla gətirir "Kəpəz"i elitaya? Neçə ildir bir ayaqyolunu düzəldə bilmirlər. Bakıdakı stadionlarda sökülən süni örüyü aparıb Gəncədə yerə döşəməklə iş bitmir. Premyer Liqada oynamaq üçün böyük büdcə, vəsait lazımdır. Əks hala azarkeşlərin hissləri ilə oynamaq lazım deyil.