Futboldan uzaqlaşdırılan müdafiəçi: "2-3 nəfər oturub orda, heç bir sübut olmadan qərar verib" MÜSAHİBƏ
- 23 Okt 2019 12:00
- 992
AFFA-nın danışılmış oyunlarda şübhələnərək futboldan uzaqlaşdırdığı "Ağsu"nun müdafiəçisi Elçin Həşimov sportinfo.az saytına müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Elçin, barəndə çıxarılan qərar haqda nə deyə bilərsən?
- Qardaş, 2-3 nəfər oturub orda, heç bir sübut olmadan qərar verib. Bu, balaca ittiham deyil. Hazırda şəhərə gəlirəm. Bunu belə qoya bilmərəm. Məhkəməyə müraciət eliyəcəm, məktublar yazacam. Elə bir şey ola bilməz. Demək olar, "Ağsu" yaranandan - 2012-ci ildən bu komandadayam. Heç vaxt belə şey mümkün deyil. Heç bir fakt olmadan götürüb qərar çıxarırlar.
- Dedin məhkəməyə müraciət edəcəm. Kimi məhkəməyə verəcəksən?
- Heç kimi, Apellyasiya Məhkəməsinə müraciət edəcəm. Mən belə qalası deyiləm ki. Bilirsiz, nə deməkdir bu?
- Federasiyadan kiminləsə danışmısan?
- Mən orda kimi tanıyıram ki...Kimlə danışım? Özüm gedəcəm AFFA-ya.
- Divizionda şübhəli çox oyun və futbolçu var. Maraqlıdır, niyə məhz sən və komanda yoldaşın?
- Adama da ən çox təsir edən budur. Çox pis ləkədir. Şəxsən mənə bu, çox pis təsir edir. Oturublar orda, 1 dəqiqənin içində heç nədən qərar verirlər. Araşdırmadan, sübut olmadan adama ləkə yaxmazlar. Vallah, düzgün deyil bu.
- Həqiqətən ağır ittihamdır. Necə sübut edəcəksən ki, günahkar deyilsən?
- Hər bir şeylə sübut eliyə bilərəm. Bunu belə buraxa bilmərəm. Dünəndən bəlkə 10 nəfərə zəng eləmişəm. Gəlib sübut eləsinlər, razıyam. Mümkün deyil axı. Olmayan günahı - öz də belə bir şeyi adamın üstünə atmaq çox böyük ləkədir. Bizim şəraitimizə baxsınlar, sonra qərar çıxarsınlar. Komandadır da, uduzmağımız o demək deyil ki, oyunu "vermişik". Komanda 0:4 də məğlub olar, 0:5 də. Belə olanda adama böhtan atarlar? Elə klub var, 0:8 uduzur, onda kimisə ittiham eləməlidirlər? 100 yox, milyon faiz əminəm özümdən, günahkar deyiləm mən. Sübut etməmişdən belə bir qərar vermək insanın taleyi ilə oynamaq deməkdir.
- Nə vaxt gedəcəksən AFFA-ya?
- İndi yoldayam, Bakıya gəlirəm. Sabah federasiyada olacam.
- Sözü gedən görüşlərdən biri xüsusilə diqqət çəkir: Bakıda "Keşlə-2" ilə oyunda meydan sahibi qrımızı vərəqə alandan sonra ikinci hissədə sizə 4 qol vurub, öz də 3-nü 10 dəqiqəyə vurublar. Sən də sonradan əvəz olunmusan...Ümumilikdə hər iki matçda eyni hesabla (0:4) məğlub olmusuz.
- Qırmızı vərəqəyə görə komandanı, futbolçunu oyun alqı-satıqısında ittiham eləmək olmaz. Bu, absurd düşüncədir. hamının futboldan anlayışı var, başı çıxır. Ona qalsa, son tur Türkiyə Superliqasında "Sivasspor" qırmızı vərəqə alandan sonra səfərdə "Qalatasaray" kimi komandaya 2 qol vurdu. 3-cü top da dirəyə dəydi, yoxsa 3:3 olacaqdı. İndi o deməkdir ki, "Qalatasaray" oyunu satıb? Bu dəqiqə bizim komanda elə vəziyyətdədir ki, "Keşlə" ilə hələ yaxşı qutardıq. Hesab 0:7, 0:8 də ola bilərdi, epizodlara baxsınlar, görsünlər qapıçımız hələ neçə dəfə qoldan xilas etdi bizi. Limitə düşən normal bir dənə futbolçu tapa bilmirik, güclə oynayırıq. Zəif çıxış eləməyimiz o demək deyil ki, danışığa getmişik. Heç bir fakt, sübut olmadan belə qərar verirlər.
- Adətən, federasiya belə addım atanda sonradan qərarı dəyişmir.
- Mən özümü sübut eləməyə çalışacam. AFFA-nı məcbur edəcəm ki, işi versinlər prokurorluğa.
- Elçin, bəlkə doğrudan 0:4 uduzduğunuz bu iki oyunda nəsə olub, sənin xəbərin yoxdur?
- Mümkün deyil. Belə bir şey olsaydı, mənim də xəbərim olardı. Sadəcə, bu gün bizim komandanın gücü yoxdur. Hələ yaxşı ki, 0:7, 0:8 uduzmadıq, Allah bilir daha hansı qərarlar çıxardardılar. Yaxud ardıcıl 3-4 oyun böyük hesabla məğlub olsaydıq, nə edəcəkdilər?
- Valideynlərinin, qohum-əqrəbanın reaksiyası necə oldu bu xəbərə?
- Yox-yox, hələ heç kimin xəbəri yoxdur. Valideynlərim də bilmirlər.