“Futbolsuz qalmaq çox çətindi”
- 14 Apr 2020 18:00
- 749
Koronavirus pandemiyası səbəbindən çempionatların dayandırılması və məşqlərin keçirilməməsi futbolçuları çətin vəziyyətə salıb.
Rekord.az xəbər verir ki, Birinci Divizionda çıxış edən Gəncənin “Kəpəz” komandası da digər klublar kimi oyunçuları vaxtından əvvəl məzuniyyətə göndərib.
“Sarı-göylər”in sonuncu məşqi martın 14-də olub. Hazırlıq prosesindən sonra məşqçilər korpusu klub rəhbərliyi ilə məşvərətdən sonra mövcud duruma uyğun olaraq futbolçuları qeyri-müəyyən vaxta kimi evə buraxıb. Klubun mətbuat xidmətinə açıqlama verən Tural Qürbətov üzləşdiyi çətinlikdən danışıb:
“Virusun geniş şəkildə yayılması üzücü haldı. Düz bir aydı ki, məşqlər dayandırılıb. Futbolsuz qalmaq çox çətindi. Amma bu o demək deyil ki, evdə sakit və məşqsiz oturaq. Aktiv olmaz lazımdı. Fiziki durumumuz zəifləyir, bu səbəbdən müəyyən hərəkətləri etmək mütləqdi”.
Evdə olduqları müddətdə oyunçular məşqçilərin tövsiyyələrinə əsasən fərdi qaydada hazırlaşır. Tural Qürbətov eyni zamanda internet vasitəsi ilə əldə etdiyi məşq proqramından yararlanmaqla vəziyyətdən çıxışı yolunu tapıb: “Futbolçu üçün əsas məşq qaçmaq və çəkiyə diqqət etməkdi. Sözün açığını deyim, mən telefona məşq proqramları yükləmişəm. Bundan istifadə edirəm. İnternetdə bütün əzələlər üçün məşq proqramları var. Orada nəyi necə etməli olduğumuz göstərilir, hətta deyilir də. İdmançılara tövsiyyə də edirəm. Və ya hamı öz zəif nöqtəsini bilir. Buna uyğun məşq edə bilər. Onu deyim ki, yeməyimə ciddi fikir verirəm. Evdə oturanda kökəlməmək mümkün deyil. Ona görə diqqətli olmaq lazımdı”.
Gəncə klubunun hücumçusu nikbin danışaraq vəziyyətin düzələcəyinə ümid etdiyini bildirib: “Ən sonda azarkeşlərə demək istəyirəm ki, narahat olmasınlar. Tətbiq olunan karantin rejiminə düzgün əməl etsinlər. Həm özümüzün, həm də sevdiklərimizin sağlamlığı üçün bu olduqca vacibdi. İnşallah, tez bir zamanda görüşərik. Evdə qalın, sağlam qalın”.
Qış transfer kəsiyində “Kəpəz”in sıralarına qoşulan Tural Qürbətov yarımçıq dayandırılan mövsümdə Nizami yurdunun kollektivi adına 5 oyuna 3 qol vurub.