Futbolu xilas edəcək Avropa çempionatı
- 14 İyn 2024 15:03
- 266
Futbol üzrə əvvəlki Avropa və dünya çempionatlarının daha çox bayram ab-havasında keçməsini deyənlər yanılmırlar. Çünki məhz belədi. Adətən bunu biz – bir qədər yaşlı, yaşı 30-35-i keçmiş və daha yaşlılar edirik. Gənc nəsil bunu yaş çoxluğu ilə əlaqələndirə bilər, amma belə deyil. Bəlli və obyektiv səbəbi var.
Səbəb televizordu. Səbəb televizorda futbolun əlçatanlılığıdı. Hətta televizor bu işdə artıq uduzub, yerini smartfonlara, digər alətlərə verib. Böyük futbol artıq nadir bir məhfum deyil. İstənilən vaxt telefona girib məsələn, dünya ulduzu Kriştiano Ronaldonun oyununu canlı izləyə bilərsən. Onun karyerası ərzində vurduğu qolları istədiyin qədər tapıb dəfələrlə izləyə, zövq ala bilərsən. Onun gündəlik həyatını onun rəsmi sosial şəbəkələrində görmək mümkündü, hətta ona mesaj yazıb, bəxtin gətirsə, cavab da ala bilərsən. Kriştiano ulduzdu, Səudiyyə Ərəbistanında, rəsmən səhranın ortasında oynasa da, bir toxunuş qədər yaxındı. Eləcə də hazırda Amerika çimərliklərində parlayan Lionel Messi və digərləri.
Bəs 40-50 il əvvəl necə idi? Sənin Pele, Qarrinça, Rivelino, daha sonrasında Kroyf, Platini, Maradonanın oyunlarını rahatlıqla izləmək imkanın vardımı? Mümkün deyildi. Qəzetdə, jurnalda nə gördünsə, televizorda ildə-ayda bir dəfə nə göstərdilərsə, onunla kifayətlənməli idin. Bizim əfsanəvi Braziliya yığmasının dünya çempionatından kənarda izləmək şansımız sıfıra bərabər idi. Eləcə də digərlərini. Ona görə də həm Avropa çempionatları, həm də mundiallar həqiqi futbol bayramına çevrilər, yeni futbol tendensiyaları yaradar, dünya futbolunun növbəti 3-4 illik gedişatını müəyyənləşdirər, təkan verərdi. 66-cı ilin ingilisləri, 70-ci ilin braziliyalıları, 74-cü ilin niderlandlıları necə oynayırdılarsa, hamı onları təkrarlayır, yamsılayırdı. Total futbol da belə yayıldı, Zikolu rəngarəng futbol da, Lobanovskinin futbolu da, digərləri də. Hər dəfə qitə və dünya çempionatı zamanı TV qarşısına keçmək təkcə zövq yox, həm də məcburiyyət idi. Çünki izləməsən, baxmasan, qaranlığa düşmüş kimi olardın.
Bəs indi? Məlumdu. Artıq AÇ-lər də, digər qitə yarışları da, DÇ-lər də futbol trendinin mənbəyi yox, nəticəsidi. Böyük futbol turnirləri bayramlıqdan çıxaraq, “kvartalın axırı”ndakı hesabat xarakterli bir “iclas”a çevrilib. Qəbul etməsək də, üzücü olsa da, belədi. Təbii prosesdi, qarşısını almaq, gedişatı dəyişmək də çətindi. Üstəlik, nəzərə alsaq ki, dünya futbolunda oyunçular məşqçi sistemlərinə uduzublar, hər şey güc və atletizm, taktika üzərində qurulub, buna təəccüb etmək olmur.
Mən bu gün startı verilən Avropa çempionatından möcüzə istəyirəm. Bir şeylər dəyişsin. Yeni, daha rəngarəng, daha baxımlı, daha gözəl bir şeylər izləyək, bayram yaşayaq. Məşqçi taxtası üzərindəki yox, topun ətrafındakı futbola şahidlik edib, sevinək, zövq alaq. Nəsə qeyri-adi bir şeylər yaşansın, günlərlə müzakirə edək, dadını çıxaraq. Futbolun buna ehtiyacı var. Elə bizim də.
Futbol Avropada yaranıb. Ümid edək ki, "köhnə dünya" bu oyunun ölməsinin qarşısını elə öz qitəsində alacaq, ona yeni bir həyat verəcək.
Kənan Məstəliyev