Dəqiqləşdi: AFFA-nın yeni prezidenti gözlənildiyi kimi Rövşən Nəcəf olacaq. Bilinirdi, rəsmiləşməyi qalmışdı, açıqlanan siyahı ilə de-fakto öz təsdiqini tapdı. Qaldı, aprelin 2-də de-yure olmağı.

 

AFFA-nın rəsmi saytı prezidentliyə və İcraiyyə Komitəsinə (İK) namizədlərin adlarını açıqlayıb. Maraqlı məqamlar var. Xoş olmayan məqam odu ki, Elşad Nəsirov yenə ordadı, ona daha 4 il dözməli olacağıq. Amma bu dəfə o qədər böyük təsir gücünə malik olmayacağını düşünürəm, ən azından buna inanıram. 

 

Xoş olan xəbər odu ki, Qurban Qurbanov İK-ya qayıdır. Adam buna razılıq veribsə, deməli müsbət nəsə hiss edib. Biz də məhz bu məqamdan çıxış edərək müsbət notlara köklənmək olar. Amma Hoca ilə yanaşı qurumda cəmi 1 futbol adamı olacaq - Səməd Qurbanov. Bu, çox azdı. Çox az. 13 nəfər içində cəmi 2 futbol adamının olması mənfi tendensiyadı. Digər tərəfdən düşünürsən ki, əvvəl sayları çox idi də, nə işə yarayırdılar? Heç nəyə. Əsas odu ki, Qurbanovların sözünə qulaq asılsın, onların dedikləri fəaliyyət istiqaməti kimi qəbul edilsin. Yoxsa yenə köhnə hamam, köhnə tas olacaq.

 

İK-da Maqsud Adıgözəlov və Balakişi Qasımovun adının olması da yaxşı gedişdi. Hər ikisi "Sabah"da gördükləri işlərlə yadda qalıblar, özlərini yaxşı tərəfdən göstərə biliblər. Ümid edək ki, bu yox, ötən mövsümdəki işlərini AFFA-da da ortaya qoya biləcəklər. 

 

Başqa adlar da var. Ancaq indidən nəsə yazmağın əhəmiyyəti olmadığını düşünürəm. Əsas bu adların kimliyi yox, görəcəkləri işlərdi. AFFA-nın maliyyə dayağının möhkəmliyi qorunduğu görünür, bu da müsbət qərarlar veriləcəyi halda ən azı bu baxımdan çətinlik olmayacağına dəlalət edir. 

 

Bir neçə kəlmə də Rövşən Nəcəf haqda. 

 

Adam SOCAR-ın rəhbəridi, əsas maliyyə ordan gəlir, bu maliyyənin başında duran adamın da başda durmasında məntiq var. Amma bu düz məntiqdi. Futbolda isə heç də həmişə düz məntiq işləmir, çünki burda düz olan ancaq meydançadı. Yəni məntiqi davam etdirsək, pul gəlməli, meydança rolunu oynamalı, futbol da onun üstündə oynanmalıdı. Bu günə qədər oynanılan nədisə futbol deyildi və pulun üzərində yox, pul üstündə oynanılırdı. Dava ancaq pul davası idi. Futbolu, milləti, millini, milli ruhu düşünən yox idi. 

 

Yeni seçkilərdən sonra düşünən olacaqmı? Çətin, hətta deyərdim ritorik sualdı. 

 

Bu günə qədər Nəsirov və bizə "caladığı" Elxan Məmmədovun kurasiyasında olan milli də, AFFA da nəinki heç bir uğur qazanmayıb, əksinə ölkənin utanc yerinə çevrilib. İK oturan, adına veteran deyilən, ancaq "veter"dən başqa bir funksiyası olmayan şəxslər də yaranan durumun birbaşa günahkarlarıdılar. Hamının onlardan umduğu mədəti onlar manata dəyişib foqtsların, yurçeviçlərin, debyazilərin gəlişinə də, gedişinə də hə deyiblər, ölkədə futbolun anasını ağladan bütün qərarlara çəpik çalıblar. İnanmasam da, ümid edirəm ki, onlar və digər lazımsız üzvlər də tarix qarşısında cavab verəcəklər. 

 

Rövşən Nəcəf "Neftçi"də uğursuzluqla yadda qalıb, qalmaqda da davam edir. Əsas səbəb təbii ki, yanlış kadr siyasətidi. Klubda az qala heç bir postda öz işinin peşəkarı, işinin məsuliyyətini başa düşən şəxs oturmayıb. Konkret, klubun kökünə xlor töküb yandırıblar. Heç nə yoxdu ortada. Heç nə. Dümdüzdü hər şey. Azarkeşlər yenə köhnə kadrları yada salıb paylaşır, köks ötürür, qəm çəkirlər. Nəticə baxımından isə heç nə dəyişməyib. Bir lətifədə deyildiyi kimi, "şir qardaş, heç nə dəyişməyib, bir az yazı-pozu işi artıb". 

 

Ümid edirəm ki, Rövşən bəy eyni səhvləri millidə təkrarlamayacaq. Başa düşürəm, iş çoxdu, futbola vaxt ayırmaq olmur, amma "Neftçi" başqadı, AFFA başqa. "Ağ-qaralar"dakı uğursuzluq ancaq daxili səviyyədə rezonans doğururdusa (hərçənd son illərdə heç şəhər səviyyəsində də deyil), bu dəfə hay-küyün səsi azı Avropa səviyyəsində duyulacaq, tənbeh də ən yüksək mərtəbədən gələcək. Odu ki, diqqətli yox, çox, lap çox diqqətli olmaq, kadrları düzgün seçmək lazımdı. Çünki "kadrı reşayut vsyo". 

 

SOCAR kimi quruma rəhbərlik edə bilən adam əminəm ki, ağıllı adamdı. Mənfi də olsa klubda topladığı təcrübədən doğru nəticə çıxara biləcək qədər ağıllı.