Futzal millimizin baş məşqçisi: "Çəkinməsələr də hörmət edirlər"
- 18 Yan 2020 15:23
- 689
"Ayın 13-dən təlim-məşq toplanışına başlamışıq. Hazırlıq prosesinə bir az çox vaxt sərf etmək istəyirdik. İstədiyim oyunçuların hamısını toplaya bilmədim. Çünki bizim bəzi legionerlərimiz var. Onların çıxış etdiyi çempionatlarda oyunları var. Özbəkistana qarşı iki yoldaşlıq oyunu keçirəcəyik. Hazırlıq plan üzrə davam edir".
Rekord.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva dünya çempionatının elit-raund mərhələsinin oyunlarından öncə təşkil olunan brifinqdə deyib.
52 yaşlı mütəxəssis yığmanın şanslarından da söz açıb. O bildirib ki, komandanın qrupdan çıxmaq şansı 50 faizdir: "Bunu rəqiblərimizin səviyyəsini nəzərə alaraq deyirəm. Amma düşünürəm ki, rəqiblər bizdən çəkinməsə də, nə qədər güclü kollektiv olduğumuzu bilirlər. Bizə hörmətlə yanaşırlar".
Braziliyalı məşqçi millinin qarşısına qoyulan hədəflərdən də danışıb: "İstəyimiz budur ki, qrupda ən azı ilk iki pillədən birini tutaq. Növbəti mərhələdə çıxış üçün bu mütləqdir. Hazırda Xorvatiyaya qarşı ilk oyunu fikirləşirik. Oyunçuların fiziki durumu normaldır. Bir az tez məşqlərə başladıq. Fiziki durumu yaxşılaşdırmaq üçün bunu etdik. Tiaqo Bolinya və Eduardo Borges məşqlərdə iştirak etmir. Zədələri bərpa olunur".
Alesio yığmanın təqvimi barədə bunları söyləyib: "Təqvimdən razıyam. Bu barədə heç bir problem yoxdur. Bilirik ki, Xorvatiyaya qarşı birinci oyun çox çətin olacaq. Xorvatlar ev sahibidir. Rusiyanı da yaxından tanıyırıq. Bütün gücümüzü oyunlarda sərf edəcəyik".
Baş məşqçi yoldaşlıq görüşündə qarşılaşacaqları Özbəkistanla oyun barədə də fikirlərini bölüşüb: "Özbəkistan da yaxşı rəqibdir. Amma həmin oyunlarda tam heyətlə çıxış edə bilməyəcəyik. Sabah iki nəfər qoşulacaq və onlarla birlikdə 17 nəfər olacaq. Amma final mərhələsinə 14-ü yollanacağıq"