Futzal millimizin kapitanı qrupdan razıdır
- 08 Noy 2019 16:00
- 808
DÇ-2020-nin elit-raund mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, futzal üzrə milli komandamız gələn il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək qrup oyunlarında Rusiya, Xorvatiya və Slovakiya ilə üz-üzə gələcək.
Yığmamızın kapitanı Rizvan Fərzəliyev Futzal Federasiyasının rəsmi saytına açıqlamasında püşkü dəyərləndirib:
“Hamısı tanış rəqiblərdi. Rusiya, Xorvatiya və Slovakiya ilə müxtəlif illərdə qarşılaşmışıq. Xüsusilə də Slovakiya ilə cəmi 15 gün əvvəl rəqib olduğumuzu qeyd etməliyəm. Ümumi götürsək, qrupumuzu bir qədər əlverişli də adlandırmaq olar. Ciddi hazırlaşmalıyıq. Çünki burda zəif rəqib olmur. Komandamız ən azı iki yerdən birini tutmalıdır.
Rusiya millisi ilə sonuncu dəfə sentyabrda üz-üzə gəlmişik. Oyun üslublarına bələdik. Onları qrupun mütləq favoriti adlandırmaq düzdün olmazdı. Xorvatiya meydan sahibi olacaq, amma bu bizi narahat etməməlidir”.
Rəqiblərimizi yaxından tanıdığımız qədər onlar da komandamız haqda məlumatlıdırlar. Bu amil əlehimizə işləməyəcək?
“Düzdü, bizimlə görüş onlar üçün də bir qədər rahat olacaq. Çünki rəqiblərimiz də bizi yaxından tanıyırlar, necə oynadığımızı bilirlər. Bu baxımdan razıyam, vəziyyət bərabərdir”.
Şanslar haqda da danışan Fərzəliyev Rusiya millisinə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb:
“Hazırkı məqamda bütün komandaların şansı bərabərdir. Ancaq indiyə qədər əldə olunan nəticələrə diqqət yetirsək, Rusiya millisinin oturuşmuş heyətə malik olduğunu və sabit çıxış etdiyini qabartmalıyıq. Bu komanda Avropa və dünya çempionatlarının finalında oynamağa alışıb. Xorvatiya ilə 2015-ci ildə qarşılaşmışdıq. Həmin vaxt yenə dünya çempionatının qrup oyunlarına onlar evsahibliyi edirdilər. Heç-heçə etsək də biz qrupun qalibi olduq və pley-off-da Niderland millisi ilə qarşılaşdıq, Kolumbiyaya vəsiqəni əldə etdik. Təbii ki, bu oyun 4 il əvvəl olub. İndi Avropada zəif komanda yoxdur, hər bir milli inkişaf edir, güclənir. Ona görə də qrupdakı 4 komandanın hər birinin birinci yeri tutmaq sanşı var. Birinci yeri tutsaq əla olar. Ən pis halda pley-off-larda oynamaqla bu vəsiqəni qazanmalıyıq”.