Bu mövsüm II Liqaya uğurlu çıxışla start verən "Füzuli" Futbol Klubu ev oyunlarını Bakıda "ASK Arena"da keçirir. Ancaq klub rəhbərliyi fərqli addım atmaq niyyətindədir. "Rekord.az" xəbər verir ki, klubun meneceri Rəşad Babayev öz feysbuk hesabında maraqlı təklif irəli sürüb. O, qeyd edib ki, icazə verilsə, "Füzuli" FK olaraq ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilərlər. Bunun üçün dövlətin müvafiq orqanların razılığına ehtiyac var.

 

İşğaldan azad olunmuş regionumuzu təmsil edən klubun belə bir təkliflə çıxış etməsinin maraqlı olduğunu nəzərə alaraq Babayevlə əlaqə saxladıq. Rəşad bəy, "Rekord.az"-a açıqlamasında məsələ barədə bunları dedi: "Həqiqətən də, klub rəhbərliyi, məşqçi korpusu olaraq aramızda söhbət edərkən ev oyunlarımızı Xankəndi şəhər stadionunda keçirməyin mümkünlüyü barədə ara-sıra danışmışıq. "Füzuli" FK bir Qarabağ klubudur və məncə, belə bir fürsət yaransa, yerinə düşər. Füzuli rayonunda son 30 ildə daş-daş üstə qalmayıb və şəhər yenidən qurulur. Orada stadion inşa edilənə kimi oyunlarımızı niyə də Qarabağın ideal durumda olan başqa stadion kompleksində keçirməyək?! Azarkeşlərimiz üçün da yol qısalar, oyunlarımız dolu tribunalarda keçər. Xankəndidə artıq Azərbaycan Dövlət Bayrağı dalğalanır və biz dövlət olaraq oradayıq. Müzəffər Ali Baş Komandan İlham Əliyev tez-tez deyir ki, biz doğma dədə-baba yurdlarımıza təkcə tankla, silahla deyil, sosial həyatın bütün sahələri ilə qayıdacağıq. Bəli. Futbol da bu gün müasir sosial həyatın ayrılmaz bir parçasına çevrilib, futbolsuz, idmansız həyat rəngsizdir. Məhz idman, futbol Xankədimizə ilk ayaq açan sahə olsun qoy! Bu mənada İkinci Liqada çıxış edən "Füzuli" futbol klubunun ev oyunlarını doğma Xankəndidə qəbul etməsindən təbii heç nə ola bilməz və biz bu ilki yaşamaq üçün buradan cənab prezidentə, dövlətin aidiyyatı qurumlarına, müraciət edirik: "İcazə verin ev oyunlarımızı infrastruktur cəhətdən yaxşı vəziyyətdə olan Xankəndi Şəhər Stadionunda keçirək". Azərbaycanlıların Xankəndiyə dönüşü prosesində bu formada pay sahibi olmaq "Füzuli" Futbol Klubunun rəhbərliyi və kollektivi üçün həm qürur hissidir, eyni zamanda da xüsusi bir motivasiya mənbəyinə çevrilərdi. Bildiyimiz qədər Yuxarı Qarabağda yaxşî durumda olan stadionlar təkcə Xankəndidə yox, eyni zamanda Əsgəran və Xocavənddə də var. Lakin bizim üçün Xankəndidə oynamaq fərqli bir duyğuya çevrilərdi. Ümid edək ki, səsimiz aidiyyatı dairələrə çatacaq və bu məsələ gerçəkdən reallığa çevriləcək".