
Füzuli Məmmədov: "Bu şəhər öz azarkeşləri ilə Premyer Liqaya və avrokuboklara layiqdir"
- 18:26
- 112
"Mingəçevir"in baş məşqçisi Füzuli Məmmədovun müsahibəsi
- Bir neçə oyunda qələbə qazana bilməsəniz də, son turda meydanda tam başqa "Mingəçevir" var idi. "Baku Sportinq" üzərində qazanılan 4:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Milli fasilədən sonra ilk oyunumuzu "Qəbələ"yə qarşı keçirdik. İstər futbolçuların fərdi keyfiyyəti, istər ümumi səviyyəsi yüksək olan kollektivə uduzduq. Daha sonra liqanın ən təcrübəlilərindən sayılan "Zaqatala" ilə qarşılaşdıq. İki dəfə hesabda önə keçsək də, oyun bərabərliklə başa çatdı. Meydanda müəyyən səhvlər etdiyimiz üçün qələbə qazana bilmədik. Daha sonra "Qaradağ Lökbatan"la səfər matçına yollandıq. Bu qarşılaşma da bizim üçün olduqca vacib idi. Meydanın vəziyyəti istədiyimiz planları həyata keçirməyimizə mane oldu. Digər tərəfdən, küləkli hava şəraiti də nəzərdə tutduğumuz oyun planını həyata keçirməyimizə əngəl yaratdı. Nəticədə, 3 xal üçün çıxdığımız görüş bərabərliklə yekunlaşdı. Ən çox üzüldüyüm "Cəbrayıl"la matçın nəticəsidir. O qarşılaşmanı sonradan izləyəndə də görünür ki, futbolçularımız 0:2 hesabı ilə uduzacaq qədər zəif oynamayıblar. Məncə, ilk dəqiqədə buraxılan qol gənc komandamızda bir qədər təlaş yaratdı. Əlbəttə, qol buraxan tərəf həyəcanlanmamalı və oyun planına sadiq qalmalıdır. "Cəbrayıl" özü də daha çox gənc oyunçulardan təşkil edilmiş, fiziki durumu qaydasında olan kollektivdir. Həmlələrin kəsərini artırmağa, hesabı bərabərləşdirməyə can atan futbolçularımız daha təmkinli davrana, vəziyyəti dəyişə bilərdilər. İkinci qolu da fərdi səhvdən sonra buraxdıq. Əsas olan budur ki, gənclər məğlubiyyətlərdən dərs çıxarmağı bacarsınlar. Necə deyərlər, səhvlər üzərində öyrənirlər. Həmin matçdan sonra futbolçularla həm fərdi, həm də kollektiv şəkildə danışıqlarımız oldu.
Bilirdik ki, turnir cədvəlindəki vəziyyətə görə "Baku Sportinq"lə oyunda xal itirməmək hava və su qədər vacibdir. Bu rəqiblə ikinci dəfə qarşılaşırdıq. Necə oynayacaqlarını təxmi edirdik və oyunçuları bu barədə məlumatlandırmışdıq. Azarkeşlərimizin möhtəşəm dəstəyi fonunda 4:0 hesablı qələbə qazandıq. Komandam həqiqətən verilən tapşırıları doğru şəkildə yerinə yetirdi, amma azarkeşlərimizin əməyi xüsusi şəkildə vurğulanmalıdır. Tərfəfdarlarımız əla ab-hava yaratmışdılar.
- Komandanı bu matça necə hazırlaya bildiniz? Məlum məsələdir ki, turnir cədvəlində vəziyyət mürəkkəbləşəndə, ardıcıl 2-3 matçda işlər plan üzrə getməyəndə oyunçularda psixoloji gərginlik yaranır...
- Bəli, gənc komandanı uğursuz oyunlardan sonra toparlamaq həmişə müəyyən çətinliklər yaradır. Onu da qeyd edim ki, kollektiv artıq istər fiziki, istərsə də taktiki planda istədiyim səviyyəyə yaxınlaşır. Futbolçular oynadıqca "artırırlar", püxtələşirlər. Baş məşqçinin işi taktiki tapşırıqları komandaya çatdırmaqla yanaşı, ümumi motivasiyanı da yüksəkdə saxlamaqdır. Oyunçuların əksəriyyəti ilə ayrı-ayrılıqda söhbətimiz oldu. Əvvəlki matçlardakı səhvlər, ümumi hədəfimiz və müxtəlif digər məqamlar ətrafında müzakirələr apardıq. Elə futbolçu var ki, onunla bir həfətə ərzində iki dəfə fərdi söhbət etdik. "Baku Sportinq"in cinahlardan təhlükəli hücumlar təşkil etməyi xoşladığını öyrənmişdik. Detallı şəkildə təhlillər apardıq və öz oyunçularımıza necə oynamaq lazım olduğunu başa saldıq. Onların daha çox cərimə meydançamıza asmalar göndərməklə başla yaxşı oynayan hücumçuların qol vurmasını təmin etmək istəyəcəklərini bilirdik. Rəqibin güclü tərəflərindən faydalanmasına imkan verməmək vacib idi. Oyunun görüntülərini izləsəniz, cərimə meydançamıza çox az sayda asma göndərildiyini və həmin epizodlarda müdafiəçilərimizin qarşı tərəfin hücumçularına çox yaxın oynadıqlarını görərsiniz. Yəni uşaqlar da sağ olsunlar ki, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdilər. Hərə öz işini lazımınca gördü. Həftə ərzində öyrəndiklərini meydanda ortaya qoymağı bacardılar.
- Qarşıda heç də asan olmayan oyunlarınız var. Növbəti matç haqda nə düşünürsünüz?
- Növbəti oyunumuz "Difai" komandasına qarşıdır. Əvvəlki matçlara olduğu kimi, bu görüşə də ciddi hazırlaşırıq. Uşaqlar bilirlər ki, bizim üçün hər matç final qədər önəmlidir. "Difai" ilə "Mingəçevir"in baş məşqçisi qismində artıq bir dəfə üzü-üzə gəlmişəm. Rəqibin heyətindəki futbolçuların fərdi performanslarını, qarşı tərəfin mümkün oyun planlarını təhlil etmişik. Səfərdə oynasaq da, qələbə qazanmaq üçün bütün gücümüzü səfərbər edəcəyik.
- Rəhbərliyin də açıqladığı kimi, bu mövsüm "Mingəçevir"in hədəfi 1-ci Liqada qalmaqdır. Hədəfə çatacağınıza əminsiniz?
- Komandanı yanvarda götürmüşəm. Özünüz də bilirsiniz ki, yanvarda heyət qurmaq çox çətin işdir. Liqada elə futbolçular ki, sırf mənim rəhbərliyim altında oynamaq üçün təklifi qəbul edərdilər. Amma sayılıb-seçilən oyunçuların 90 faizinin öz klubları ilə müqavilələri var idi. Turnir cədvəlində 6 xalla sonuncu yerdə qərarlaşan komandanı götürərkən liqada saxlaya biləcəyimə əmin idim. Əmin olmasaydım, bu işi boynuma götürməzdim. Niyə əmin idim? Əvvəla, arxamda ciddi işlər görməyi hədəfləyən rəhbərlik var. Layihə ilə tanış olanda nə dərəcədə ciddi bir işə başladıqlarını öyrəndim və birlikdə hədəflərimizə doğru irəliləyə biləcəyimizi anladım. Məşqçilər korpusunda milli və beynəlxalq təcrübəli mütəxəssislərin yer alması da mənim üçün böyük stimuldur. Yəni rəhbərliyə, məşqçilər korpusuna və öz bacarığıma, savadıma güvənərək bu işə başlamışam. Mingəçevir azarkeşlərinin bizə münasibətini, dəstəyini də gördükdən sonra bir daha əmin oldum ki, biz liqada qalacaq və daha yuxarı pillələr uğrunda mübarizə aparacağıq.
- Yanvardan "sükanı arxası"na keçdiyiniz "Mingəçevir" qışdan bəri çox xal qazansa da, hələ turnir cədvəlindəki vəziyyət rahat nəfəs almağa imkan vermir. Liqada qalmaq uğrunda mübarizə aparan komandalar arasında bu dərəcədə rəqabət olacağını gözləyirdiniz?
- Əlbəttə, gözləyirdim. Çünki 1 Liqada daha öncə də işləmişəm. "Mingəçevir"ə gələndə də bilirdim ki, bütün komandalar müəyyən mövqeləri gücləndirəcəklər. Mənim işim daha çətin idi. Dediyim kimi, yanvarda qısa müddətə komanda formalaşdırmalı oldum. Elməddin Məmmədovla Vüqar Həsənovdan başqa, qalan oyunçular gəncdirlər. Bəziləri öz klublarında oynamırdılar, formada deyirdilər. Yeni yığılan komandanı formalaşdırmağa zaman lazım olur. Ama bizim vaxtımız yox idi. mübarizəmizi davam etdiririk.
- Geriyə baxanda komandanızın hansı nəticəsi sizə daha üzücü gəlir?
- Elə çətin oyunlar oldu ki, qələbə qazandıq. Bəzilərində isə qələbəyə yaxın olduq. İlk üç oyunu evdə oynamadıq. Evdə oynasaydıq, başqa nəticələr qeydə alınardı. Azarkeş amili çox ciddi amildir. "Qaradağ Lökbatan"la matçda penaltini yerinə yetirə bilmədik, qol epizodlarımızı boşa verdik... "Cəbrayıl"a 0:2 hesabı ilə uduzduğumuz görüş də həmçinin. Geriyə baxarkən ən çox üzüldüyüm məqamlar bunlardır. Ancaq ümumi yanaşsaq, yetərincə yaxşı nəticələr qazanmışıq.
- "Mingəçevir"in heyəti əsasən yerlilərdən ibarətdir. Sizcə, komandanızda millidə oynaya biləcək futbolçu varmı? U-17 millisini çalışdırmış mütəxəssis və bir obyektiv azərbaycanlı kimi hansısa futbolçunuzda belə bir potensial görürsünüzmü?
- Daha öncə 3 il milli komandada çalışmışam. U-16-dan U 18-ə qədər yol qət etmişəm. Bu gün "Mingəçevir"də mövsümün sonunda Premyer Liqa səviyyəsində futbol oynaya biləcək gənclər də var. Tam obyektiv olsaq, bu gün Mehrac Baxşalı elitada oynayacaq səviyyədədir. Həm düşüncə tərzi doğrudur, həm də potensialı buna imkan verir. Hər məşqdə öz üzərində səylə çalışır. Heç bir oyunda görməmişəm ki, Mehrac öz potensialından çox aşağı çıxışla yadda qalsın. Mehrac əsas millidə oynaya biləcək futbolçudur. Nahid Əliyev və Murad Dadaşev isə U-21-də çıxış etməyə qadirdirlər. Onların perspektivinə inanıram. Hazırda gənc oyunçularımız inkişafdadırlar. Elə bir futbolçu yoxdur ki, bura gələndən bəri inkişaf etməsin. Hamısını ayrı-ayrılıqda sadalamaq uzunçuluq olar. Getdikcə daha yaxşı səviyyəyə çatacaqlar. Həm fiziki olaraq inkişaf edirlər, həm də taktiki-texniki baxımdan. Yaxşı bir komanda qurmuşuq. Müəyyən mövqeləri gücləndirsək, gələn mövsüm bu komanda ilə daha üstün performans sərgiləyə bilərik. Komandama və futbolçularıma çox inanıram.
- Azarkeşlərin sizi dəstəklədiyi görüntülər sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır. "Baku Sportinq"lə matçdan sonra bölgə futbolu adına xoş görüntülərə şahidlik etdik...
- Düzü, "Mingəçevir"ə gələndə ev oyunlarımızın belə atmosferdə keçəcəyini gözləmirdim. Azarkeşlərimiz ilk gündən mənə və komandamıza böyük dəstək nümayiş etdiriblər. Hər məşqimizdə yanımızdadırlar. Belə münasibətdən zövq almaya bilmərik. Onların bizə olan inamı xüsusi motivasiyadır. Mingəçevirli azarkeşlər futbolu çox yaxşı anlayırlar. Oyunun gedişində verdikləri reaksiyalardan çox şeyi hiss etmək olur. Məğlub olduğumuz oyunlardan sonra belə, bizi dəstəkləyirlər. Bu şəhər öz azarkeşləri ilə Premyer Liqaya və avrokuboklara layiqdir. Özləri də bilirlər ki, biz birlikdə güclüyük! Son dörd oyunda da onların yanımızda olmasını istəyirik.
Mənbə: qaynarinfo.az