
Gələcəyin Azərbaycan millisi: 4 legioner, 3 veteran, 0:3 məğlubiyyət!
- 24 Mar 2025 11:00
- 126
Çoxunun tanımadığı, hətta lağ etdiyi Haiti gəldi gəzə-gəzə bizə 3 qol vurub getdi. Vurduqları 3-cü qol isə ayrıca dərslik idi. Bu gün Haiti millisinin futbolçuları bir qol epizodunda bizim iki futbolçumuzu "bazara" göndərirsə, sabah Fransa, yaxud Xorvatiya millisinin futbolçuları hara göndərəcək, Allah bilir. Komanda uduzar, söhbət bunda deyil. Əvvəllki AFFA rəhbərliyi, başda Elxan Məmmədov olmaqla, ölkə futbolunu elə məhv edib ki, yenidən dirçlətmək üçün illər lazımdı. Amma gərək bünövrə düzgün qoyula ki, sonra yenidən problem yaşamayaq. AFFA-nın yeni rəhbərliyinin bu barədə atdığı bir çox müsbət addımları qeyd eləmişik. Mənə görə, hələ ki, ciddi səhv etdikləri yeganə məqam millinin başına yenidən əcnəbinin gətirilməsi oldu. Əsas millini də yerli məşqçiyə tapşırmaq lazım idi. Deyək ki, Santuşu qoydular, tamam, ümid etdik ki, bəlkə əvvəlkilərdən fərqli olaraq, işə yanaşma dəyişəcək. Uzun müddətdən sonra ilk dəfə idi ki, millinin oyununa getdim. Hətta oyundan öncə məşqində də olmuşdum. Qığılcım görmək ümidi ilə. Amma təəssüf ki, millidə yenə doğmalıq hiss edə bilmədim.
Start heyətində 4 qeyri-azərbaycanlını görəndə insanda ruh düşkünlüyü yaranır. Bununla bağlı oyundan sonra Santuşa sual da verdim ki, gələcəyin Azərbaycan millisini qurduğunuzu deyirsiniz, amma start heyətində 4 qeyri-azərbaycanlını meydançaya buraxırsınız, onlardan da üçünün yaşı 30-dan yuxarıdır. Santuş hətta mübahisə də etdi ki, Şahruddinin 29 yaşı var. Adam hələ qapıya qoyduğu futbolçunun yaşını da bilmir. Şahruddinin sənəddə rəsmi təvəllüdü 1994-dü. Yəni artıq 31 yaşı var. Biz Avro-2028-ə komanda hazırlayırıqsa, 2028-də Şahruddinin 34 yaşı olacaq, belə hazırlanır gələcəyin millisi? Mənim hazırda yaxşı formada olan daha gənc, daha perspektivli Rza Cəfərovum ola-ola qapıda niyə legioner Şahruddin dayanmalıdır? Mən artıq bu seçimi edən məşqçinin səmimiliyinə şübhə edirəm. Eləcə də Bədavi. Adamın 34 yaşı var və qoluna kapitan sarğısı taxıb meydana buraxırıq ki, gələcəyin millisini qururuq. Bədavi futbolçu kimi nizam-intizamlıdır, heç vaxt artıq hərəkət eləmir, adam istər klubda, istərsə də millidə Elbin Cəfərquliyevi danlamaqdan bezib. Amma yenə deyirəm, bu milli Azərbaycan millisidir, legionerlərdən yaxa qurtarmalıyıq.
Yaxşı söz biliblər, dünyanın hər yerində bu praktikdan istifadə olunur. Dünyada 200 milli komanda varsa, bunun deyək ki, 5 faizi bu praktikadan istifadə edirsə, niyə biz həmin 5 faizin etdiyini etməliyik? Həm də onların millisində oynayanların böyük əksəriyyəti həmin ölkədə doğulub, həmin ölkənin dilini, himnini bilir, hörmətlə yanaşır. Bədavi 15 ildi Azərbaycanda yaşayır, bir dəfə də olsun bizim dilimizdə danışmayıb. Heç buna cəhd də etməyib. Necə olur ukraynalı Zaretska 2 ilə Azərbaycan dilini öyrənə bildi, Bədavi 15 ilə yox? Yaxud bu gün Alekseyin mənim millimdə nə işi var? Nə ilə seçilir, nə üstünlüyü var, dünən ortaya fərqli nə qoydu ki, Santuş ona şans verir? Burax Emin Səfərov oynasın da. Onsuz da bizə nəticə lazım deyil, gələcəyin millisini qururuq, onsuz da uduzuruq burax, qoy yerli cavanlar oynasın. Haitiyə də 0:3 uduzacamsa, neynirəm start heyətində 4 legioneri? Burax Rza oynasın, Emin oynasın, İsmayıl oynasın, Ağadadaş oynasın, Şahin oynasın, Səbuhi oynasın o zaman uduzsan da heç kim sənə heç nə deməz. Səbuhi Ozancan Kökçünün yerinə meydançaya çıxdı əməlli-başlı futbol oyandı, gül kimi ötürmələr verdi. Bunu elə əvvəldən burax Səbuhi oynasın da. Nə qədər deyirsən qısa yazasan, yenə də olmur...
Anar XANLAROV