"Mingəçevir"in idarə heyətinin sədr müavini Ruslan Həmidov Mingəçevirə ezam olunmuş Rekord.az-ın əməkdaşına  müsahibə verib:

 

 

- Yeni mövsümün startına az qalıb. "Mingəçevir" "Karvan"la derbiyə hazırdı?

- Əvvəla çox sağ olun ki, Mingəçevirə gəlmisiniz. Komanda 98-99 faiz mövsümə hazırdı. Bütün müqavilələr bağlanıb, kənardan komandaya 7-8 futbolçu cəlb olunub, "Kür" oteldə 10 günlük təlim-məşq toplanışında olduq, 3 yoldaşlıq görüşü oynadıq, "Zaqatala" ilə iki dəfə, "Şəmkir"lə bir dəfə. Paralel olaraq seleksiya işlərini apardıq, rəhbərlik olaraq, üzərimizə düşən işi yerinə yetirməyə çalışdıq. Bir daha deyirəm, çempionata tam hazırıq və qələbə üçün vuruşacayıq. Deyim ki, hədəfimiz çempionluqdu, xeyr. Bizim hədəfimiz 4-5-ci pillə uğurunda mübarizə olacaq. "Karvan"la oyuna da ciddi hazırlaşırıq.

- İlk turun evdə, yaxud səfərdə oynanılmasının sizin üçün əhəmiyyəti var?

- Xeyr. Yevlaxla aramızda 25-30 km məsafə var, azarkeşlərimiz də səfərə getməklə bağlı bizə müraciət edirlər, ola bilsin, 2-3 avtobus bunun üçün ayrılsın. Qısası, çox ciddi hazırlıq gedir. 

- PFL-ə neçə futbolçunun adını sifariş vermisiniz?

- Hələ ki, 22 futbolçu. Ola bilər ki, 23-24 də olsun.

- Heç legioner götürmək fikiriniz oldu?

- Fikirimiz oldu, amma həm maliyyə, həm də sənədləşmə məsələsi baxımından götürə bilmədik. Bildiyiniz kimi, PFL-in yeni qərarına görə, I liqaya ancaq peşəkar statusu olan, lisenziyalı legioner gətirə bilərsən.

- Stadionla bağlı son durum necədi?

- PFL-in stadionla bağlı qarşımıza qoyduğu əsas tələb hakimlər üçün ayrıca otaq və duş kabinəsinin olması idi. Sağ olsun, AFFA-nın da köməyi ilə bu məsələ həll olundu, dəmir vaqon stadion ərazisind\ yerləşdirilib. Burdan həm Rövnəq Abdullayevə həm də Sərxan Hacıyevə öz təşəkkürümü bildirirəm. Ehtiyat meydançamızda da yaxın 10-15 günə işlər bərpa olunacaq. Orada işlər bərpa olunandan sonra əsas meydançada avtomatik suvarma sistemi də quraşdırılacaq. Başqa da isti-soyuq su, dopinq otağı, duş otağı, hakimlər üçün ayrıca otaq, yenə deyirəm, 99 faiz komanda oyuna hazırdı.

- Stadionunuzun böyük ərazisi var. Gələcəckdə burada böyük baza, futbol akademiyası salmaq kimi planımız var?

- Planlarımız var, amma bunları birdən-birə etmək olmaz. "Region Liqası"ndan I liqaya gəlmiş komandayıq, bir az zamana ehtiyacımız var. 8-9 yaşlı uşaqları məşqi üçün bir yeni, süni örtüklü meydançanın salınması da planımıza daxildi. Ümumi olaraq, həm bizim, həm də şəhər rəhbərliyinin hədəfi qısa zamanda Mingəçevirin Premyer Liqada təmsil olunmasıdır. 

- Birdən yer tutsanız, yaxud AFFA tərəfindən komanda sayı artırılsa, siz buna hazır olacaqsınız?

- Bu sual əslində mənim yox, rəhbərliyin səlahətində olan olan sualdı. Amma təbii ki, belə qərar olarsa, buna uyğuna addımlar da atılacaq. Bu gün üçün dövlət tərəfindən illik 300 min manatın ayırılmas da böyük dəstəkdi. Rəhbərlik olaraq, biz də komandaya bütün dəstəyi veririk.

- Daxil olan məlumata görə, Mingəçevirin tarixi, köklü klub olan "Kür-Nur" yenidən bərpa ounacaq...

- Bəli, bu məsələnin də üzərində iş gedir və gələn il komanda çempionatda "Kür-Nur" adı ilə çıxış edəcək.