Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start verilir
- 23 Fev 2022 22:29
- 767
25-27 fevralda Bakı şəhərində gənc cüdoçular arasında (U-21) Azərbaycan birinciliyinə start veriləcək.
Rekord.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 300-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqlar.
2 gün davam edəcək ölkə birinciliyində qızlar -44, -48, -52, -57, -63, -70, -78, +78 kq, oğlanlar isə -55,-60, -66, -73, -81, -90, -100, +100 kq çəki dərəcəsində güclərini sınayacaqlar.
Yarışda 2002-2004-cü il təvəllüdlü idmançılar iştirak edəcəklər.
Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda prespektivli idmançıları müəyyən edərək, onların gənclərdən ibarət milli yığma komandaya cəlb edilməsidir.