Gənc reqbiçilər beynəlxalq turnirdə uğurlu çıxış etdilər
- 29 Okt 2023 11:12
- 239
Oktyabrın 28-də Gürcüstanın Lentexi vilayətində Rugby World Georgia və Gürcüstan Reqbi Birliyinin təşkil etdiyi beynəlxalq reqbi festivalı keçirilmişdir. Ölkəmizi yarışda "Qarabağ" (Şuşa) klubunun yeniyetmələrdən ibarət komandası təmsil edib.
Komandamız qrup mərhələsində "Xaşuri" kollektivini 15:0, "Amaranti"ni 25:0 və "Kobuleti"ni 20:0 hesabı ilə udmaqla maksimal göstərici ilə qrupda birinci yeri tutub. 1/4 final mərhələsində "Lentexi" komandasına 15:0 qalib gələn Şuşa təmsilçisi yarımfinalda "Raşebi"yə 0:5, 3-cü yer uğrunda görüşdə isə Samtredia şəhərindən olan "Feniks" komandasına əlavə olunan vaxtda qızıl xal ilə 5:10 hesabı ilə məğlub olub 12 komanda arasında 4-cü yeri tutdu. Festivalın ən yaxşı oyunçusu adını "Qarabağ"lı Nuran Novruzlu qazandı.
Klubun təsisçisi Eldar Kərimov yarış haqda fikirləri ilə bölüşdü:
"Azərbaycan reqbisi tarixində belə bir nəticə olmamışdı. Ötən Gürcüstan yarışlarında biz maksimum 2 oyun udub nəticədə 12 komanda arasında 10-cu yeri tuta bilmişdik. Budəfəki nəticə bizim düz istiqamətdə çalışdığımızı göstərir və növbəti yarışlarda komandamız daha da yaxşı çıxış edəcək. Bir müddət əvvəl klubun prezidenti vəzifəsinə Röyal Süleymanov təyin olunub və bu nəticə həm də onun komandanın hazırlığı üçün yaratdığı şəraitin bəhrəsidir.
Daha bir məqamı diqqətinizə çatdırmaq istərdim ki, digər yarımfinalda məğlub olan komanda 3-cü yer uğrunda oyuna çıxmaqdan imtina edirdi və təşkilatçılar 3-cü yeri bizə verməyi qərara gəldilər lakin "Qarabağ" komandası adına layiq hərəkət etdi və həm "Feniks" komandasına, həm təşkilatçılara müraciət edərək oyunun baş tutmasını təkidlə xahiş etdi. Nəticədə həmin görüşü məğlub tərk etsək də zənnimcə, ölkəmizi daha yaxşı tərəfdən təmsil etmiş olduq və bir daha reqbi ruhunu qorumaqla hamının alqışını qazandıq."
Reqbiçilərimiz oktyabrın 30-u saat 00:10-da Bakıya dönəcəklər