
"Gəncə TİM"in düşərgəsində bir gün
- 01 Apr 2025 11:00
- 512
Azərbaycanda futbol bölgələri deyəndə ağla ilk gələn şəhərlərdən biri də Gəncədi. Gəncə futbolu deyəndə isə, "Kəpəz". Lakin Gəncə futbolu həm də tək "Kəpəz"dən ibarət deyil. Kluba aidiyatı olmayan futbol məktəbləri var ki, onlar da Gəncə futbolu, ölkə futbolu üçün dayanmadan çalışır. Belə məktəblərdən biri də Gəncə Təhsil Mərkəzinin "Gəncə TİM" komandasıdır. Qərb bölgəsinə səfər edən Rekord.az əməkdaşı sözügedən komandanın düşərgəsində olub, komandanın baş məşqçisi İnqiqam Səmədovla söhbətləşib.
Qeyd edək ki, Səmədovlar futbolçu ailəsi sayılır. İnqiqam müəllim əvvəl "Kəpəz"də işləyib. Qardaşı İlham Səmədov da həmçinin. Hazırda isə ikisi də "Gəncə TİM"in uğurları üçün çalışır. Hazırda "Kəpəz"də forma geyinən Əli Səmədovla Ümid Səmədov da bu ailənin övladlarıdır. İntiqam müəllimlə söhbətə isə, komanda haqda ümumi məlumatdan başladıq: "Komandamız Təhsil Nazirliyinə tabedir. U-8-dən, U-14-ə qədər komandamız var və bu komandalarda 4 məşqçi çalışır. Məşqlərimizi "Ofsayd" stadionunda keçiririk və buradan sizin vasitənizlə oranın rəhbərliyinə də öz minnərdarlığımı bildirirəm ki, bizə bütün şəraiti yaradıb. Şərait də yüksək səviyyədədir. 7-8 ildir ki, orada məskunlaşmışıq. Bütün komandalarımız orada məskunlaşıb, yalnız U-13 və U-14 komandalarımız "Kəpəz" Futbol Akademiyasının meydançasında məşq edir".
Səmədov qarşıya qoyulan hədəfdən də danışdı: "Aşağı yaş qruplarında heç bir hesab, nəticə qeydə alınmır. Əsas məqsədimiz gələcək üçün yaxşı uşaqlar yetişdirməkdi. U-8 və U-9 yarışları, ümumiyyətlə, əyləncə xarakteri daşıyır. Yalnız U-13 və U-14 liqasında nəticələr sayılır, öncə zonada yüksək yer tutub Respublika mərhələsinə vəsiqə qazanmalısan. Dediyim kimi, əsas hədəfimiz, ölkə futbolu üçün yaxşı futbolçu yetişdirməkdi. Məsələn, hazırda U-21 milsində yer alan Cavad Kərimov bizim yetirməmizdi. Ümumiyyətlə, digər məşqçilərin əməyinə kölgə salmaq istəməzdim, amma o barədə xoşbəxt məşqçilərik ki, istər millidə, istər Premyer Liqada, istər I liqada, istərsə də ll Liqada Gəncədən ən çox futbolçusu olan bizik. Hazırda "Kəpəz"də forma geyinən Ümid Səmədov, Nemət Musayev, Cavad Kərimov və Əli Səmədov bizim yetirmələrimizdir. Digər komandalara gəlincə, MOİK-də Nizami Səmədovun da adını çəkə bilərəm. Nİhat və Raul İsakov qardaşlarının adını çəkə bilərəm, hansı ki, milli komandanın seçimlərinə dəvər alıblar. "Qəbələ"də forma geyinən Allahverdi Rəhimov da bizim yetirməmizdir".
"Gəncə TİM"in nəticələri haqda isə İlham Səmədov məlumat verib: "2011-12-ci illərdə U-13 komandamız ölkə çempionu olmuşdu. 2015-16-cı il mövsümündə isə U-14 komandamız Azərbaycan çempionu olmuşdu. Bir dəfə də "Elit kubok"da 2-ci yeri tutmuşuq. Bakıda, "Dalğa Arena"da "Neftçi" ilə qarşılaşırdıq, 1:0 öndə olduğumuz oyunu 1:2 uduzduq. Bir dəfə də Bayılda 3-cü yer tutmuşuq. Özü də "Qəbələ"ni məğlub etmişdik. Həmçinin ölkə xaricində təşkil olunan turnirlərə də getmişik, bir dəfə Bolqarıstanda, bir dəfə isə Türkiyədə beynəkxalq turnirdə olmuşuq. Nəticə qazanmaq təbii ki, gözəl şeydi. Amma bizim ilk hədəfimiz milli komanda üçün futbolçu yetişdirməkdi. Təəssüf ki, bir çox istedadlı futbolçularımız olub ki, sonradan futbolu atıblar və o istedadları biz itirmişik. Amma istəmirik belə olsun. Təvazökarlıqdan uzaq olsun, biz futbolçu ailəsiyik. Əli Səmədov, Ümid Səmədov, Nizami Səmədov də hazırda peşəkar futboldadır".
Hazırda ev oyunlarını Göygöl Olimpiya İdman Kompleksində keçirən "Gəncə Tim" üçün yeni meydançalar tikilir. Bu isə o deməkdir ki, komandalar yaxın gələcəkdə yenidən Gəncəyə qayıdacaq: "Göygöldə məcburiyyətdən oynayırıq. Hazırda Gəncədə komanda üçün yeni baza tikilir. Həmin bazada standardlara cavab verən yeni meydançalarımız da olacaq. Bu isə o deməkdir ki, daha yüksək şəraitdə məşq etmək imkanımız olacaq. Şərait yaxşı olandan sonra, nəticələr də yaxşı olacaq".