AFFA-nın bayrağı altında ölkə çempionatının Qərb zonasında yarışan U-8, U-9, U-10, U-11 və U-12 komandalarının uşaqları çətin vəziyyətlə üzləşib.

Rekord.az xəbər verir ki, əsas çətinlik şəraitlə bağlıdır.

Belə ki, əvvəllər bu zonanın yarışları Göygöldə keçirilirdi və orada şərait daha yaxşı idi. Uşaqlar normal şəraitdə oyunlarını keçirirdilər. Lakin oyunlar Gəncəyə salınandan sonra vəziyyət pisləşib. Belə ki, Gəncənin əsas stadionu yenidən qurulur, orada iş gedir. Ehtiyat meydançalarda isə yarış. keçirmək mümkün deyil. İlk növbədə uşaqların formalarını dəyişməsi üçün şərait yoxdur. Soyunub-geyinmə otaqlarını əvəz edən iki dəmir vaqon qoyulub. Bunun da birində hakimlər geyimlərini dəyişir. Yerdə qalan bir vaqon isə 4-5 yaş qrupundan ibarət komandalara bəs etmir. Təsəvvür edin, 4 komanda eyni anda dəmir vaqonda formalarını dəyişməlidir. Yenə ilk vaxtlar uşaqlar ən azından avtobuslarda formalarını dəyişə bilirdilər.

 

Məlumata görə, "Kəpəz" Futbol Akademiyasının rəhbərliyi avtobusların stadion ərazisinə girişinə qadağa qoyandan sonra uşaqlar bu imkandan da məhrum olub. Üzü qışa doğru, havaların soyuq, yağıntılı keçdiyii dönəmlərdə 8-9 yaşlı uşaqlara qarşı bu cür münasibət heç də xoş deyil və qəbuledilməzdi. Hətta Gəncə "Təhsil"i təmsil edən uşaq komandaları yarışdan imtina haqda da düşünür. Yarışların təşkilinə cavabdeh olan AFFA-nın aidiyyatı departamenti də məsələyə müdaxilə etsə yaxşı olar. Çünki şəraiti olmayan meydançaya oyun təyin etdikləri üçün onlar da məsuliyyət daşıyırlar.

 

Klubdan məsələyə reaksiya gəlib. "Kəpəz"in mətbuat xidmətindən "Rekord.az"-a verilən məlumata görə, bu qadağanı stadionu tikən şirkət qoyub. Onlar tikintidə təhlükəsizlik qaydalarına riayət etmək, gələcəkdə uşaqlara hər hansı zərər gəlməməsi üçün bu addımı atıblar. "Kəpəz"in mətbuat katibi Azad Mustafayevin sözlərinə görə, klub bu məsələdə məsuliyyət daşımır.