Gənclər və İdman Nazirliyi MOK-la birgə bəyanat yaydı
- 25 Mar 2020 15:20
- 848
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb.
Rekord.az xəbər verir ki, bəyanatda bildirilir ki, Azərbaycan müstəqilliyi dövründə olimpiya oyunlarında daim fəal iştirak edən və nəticə etibarı ilə ön sıralarda yer almış ölkələrdəndir. İdmançılarımızın oyunlara hazırlığı mühüm əhəmiyyət kəsb edərək, daim xüsusi proqram əsasında aparılıb.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, oyunların 2021-ci ildə (ay dəqiq deyil) keçirilməsi ilə bağlı aşağıdakı tədbirlər həyata keçiriləcək:
– oyunların başlanmasına qalan 1 il ərzində hazırlığın öncədən işlənilmiş sistem əsasında aparılması;
– 2020-ci ildə hazırlığın ən yüksək pilləsinə çatmiş idmançıların 2021-ci ilə kimi formada qalmaları üçün nəzarət proqramının sistemli şəkildə davam etdirilməsi;
– federasiyalar tərəfindən ehtiyatda olan idmançıların siyahısının hazırlanması;
– gənc və perspektivli idmançılarla işin gücləndirilməsi;
– karantin müddətinin davam etdiyi zamanda idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildiyindən sonra xüsusi şəraitdə, nəzarət altında təlim-məşq toplantılarının davam etdirilməsi.
Qeyd edək ki, Yaponiyanın baş naziri Sindzo Abe Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bütün dünyanı cənginə almış koronavirusun yarada biləcəyi təhlükə ilə bağlı Tokio-2020 Yay Olimpiya oyunlarının növbəti, 2021-ci ilə keçirilməsi barədə təklif irəli sürüb və qarşı tərəfdən müsbət cavab alıb.