Azərbaycan Gənclər və İdman Nazirliyinin strukturunda dəyişiklik edilib.

Rekord.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla Gənclər və İdman Nazirliyinin strukturu bu cür verilir:

Gənclər və İdman Nazirliyinin Aparatı (şöbələr və sektorlar), Bakı Şəhər Gənclər və İdman İdarəsi, Gənclər və İdman Nazirliyinin regional idarələri.

Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında da Sərəncam imzalayıb. Sərəncama əsasən, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Binəqədi, Qaradağ, Xəzər, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Xətai, Yasamal rayon gənclər və idman idarələrinin əsasında Bakı Şəhər Gənclər və İdman İdarəsi yaradılacaq.

Eyni zamanda, nazirliyin tərkibində yeni regional idarələr yaradılır:

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Abşeron, Xızı rayon gənclər və idman idarələrinin əsasında Abşeron−Xızı Regional Gənclər və İdman İdarəsi;

Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon gənclər və idman idarələrinin əsasında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi;

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Naftalan şəhər, Daşkəsən, Göygöl, Goranboy və Samux rayon gənclər və idman idarələrinin əsasında Gəncə−Daşkəsən Regional Gənclər və İdman İdarəsi;

Xankəndi şəhər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon gənclər və idman idarələrinin əsasında Qarabağ Regional Gənclər və İdman İdarəsi;

Ağstafa, Qazax, Gədəbəy, Şəmkir və Tovuz rayon gənclər və idman idarələrinin əsasında Qazax−Tovuz Regional Gənclər və İdman İdarəsi;

Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon gənclər və idman idarələrinin əsasında Quba−Xaçmaz Regional Gənclər və İdman İdarəsi;

Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayon gənclər və idman idarələrinin əsasında Lənkəran−Astara Regional Gənclər və İdman İdarəsi;

Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon gənclər və idman idarələrinin əsasında Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi;

Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon gənclər və idman idarələrinin əsasında Mil−Muğan Regional Gənclər və İdman İdarəsi;

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayon gənclər və idman idarələrinin əsasında Şəki−Zaqatala Regional Gənclər və İdman İdarəsi;

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon gənclər və idman idarələrinin əsasında Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi;

Şirvan şəhər, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon gənclər və idman idarələrinin əsasında Şirvan−Salyan Regional Gənclər və İdman İdarəsi.

Nazirlər Kabinetinə Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsinin və regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.

Maliyyə Nazirliyi gənclər və idman sahəsinin 2023-cü il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etməlidir.