Getmə, dayan, a “Neftçi”...
- 26 May 2023 11:28
- 8039
Biz nə qədər arzulamasaq da, istəməsək də, futbolu siyasətə çoxdan qatıblar. “Qarabağ”ın avrokuboklardakı oyunlarında illərdi ki, erməni təxribatıyla üzləşirik. Ermənilər gah öz qondarma bayraqlarını havaya uçurur, gah da tribunalrda müxtəlif təxribatlar törədirlər. UEFA da bütün bunlara göz yumur, mənfur qonşularımızın bu bədnam əməllərinin qarşısının alınması üçün heç bir ciddi tədbir görülmür. Nə də ki, təxribatı törədənlər ciddi cəzaya məruz qalmırlar.
Məsələ ondadı ki, belə əməllərlə futbolu çirkləndirənlər təkcə ermənilər deyil. Bir çox stadionlarda fərqli qruplar tərəfindən oxşar çirkinliklərə rast gəlirik. Ötən ilin yayında Kiyev “Dinamo”su İstanbulda “Fənərbaxça”nı məğlub edib, növbəti dəfə Çempionlar Liqasının qrup mərhələsinə həsrət qoyanda tribunadakı bir qrup fanat “Putin-Putin” qışqırmaqdan utanmadı. Bununla da həmin o qrup Putinin Ukraynanı işğal etməsinə, günahsız insanların ölümünə haqq qazandırmış oldular. Təbii ki, onların bu davranışları sivil dünya, ağlı başında olan hər kəs tərəfindən qınandı.
Bir halda ki, UEFA da Rusiyanın Ukraynaya qarşı davranışlarına bitərəf qalmayıb, bir çox idman növlərində olduğu kimi, futbolda da ruslar küncə sıxılıb, Avropadan təcrid olunmuş durumdadılar. Rusiya millisi UEFA bayrağı altında keçirilən bütün yarışlardan kənar qalıb, rusların klubları avrokuboklara qatıla bilmir. Bununla da de-fakto Rusiya çempionatı mənasız bir yarışa çevrilib. Legionerlərə milyonlar xərclənilib, bəh-bəhlə çempionat keçirirlər. Amma bu çempionatın mükafatçılar heç bir nüfuzlu yarış qatılmır, qitə kubokları uğrunda yarışmır. Kimə lazımdı belə çempionat?
Ruslar da çıxış yolunu Tacikstana, Özbəkistana, İran və İraqa tutmaqda görür. Yalnız bu ölkənin yığmaları Rusiya ilə qarşılaşmağa razılıq verir, onları təklikdən qurtarmağa çalışırlar. Şimal qonşumuzun sonuncu çempionu “Zenit” də çıxış yolunu özünə alternativ turnir düzəltməkdə görüb. Sankt-Peterburq təmsilçisi İstanbul “Fənərbaxça”sı, Belqrad “Srvena Zvezda”sı və Bakı “Neftçi”sinin iştirakı ilə turnir keçirmək, bununla da UEFA-ya hansısa ismarıc göndərmək fikrinə düşüblər. “Fənərbaxça”nın bu təklifə “hə” deməsində təəccüblü nəsə yoxdu. “Qalatasaray”la “Beşiktaş” zəlzələ qurbanlarına yardım məqsədi ilə “Qarabağ” və “Sabah”la qarşılaşanda, “Fənərbaxça” “Zenit”i İstanbula dəvət etmişdi. Heç serblərin də rus qardaşlarının çağırışına səs verməsinə təəccüblənməyə dəyməz. Bəs “Neftçi”yə nə olub?!
Şəxsi qənaətimdi, əminəm ki, bir çox dəyərli oxucum da mənimlə həmfikir olacaq. “Neftçi”nin Rusiyada keçiriləcək turnirə getməsi nə idman prinsipləri, nə də siyasi maraqlar baxımından doğru deyil. Ruslar idmanda daim bizə yuxarıdan aşağı baxıb, bizi “kiçik” gözündə görüblər. İndi bizə ona görə möhtacdılar ki, heç kim onlarla oynamaq istəmir. İkincisi də Rusiya nə üçün futbol meydanlarından kənarlaşdırılıb? Bəli, işğalçı siyasətinə görə. Həmin siyasətdən biz də zaman-zaman əziyyət çəkmişik, indi də çəkirik.
Mövzunu çox da dərinləşdirib, xırdalıqlara getmək istəmirəm. Əminəm ki, “Neftçi” rəhbərliyi də bütün nüansları nəzərə alacaq, ilin-günün bu vaxtında ruslarla qardaşlıq edib, özünü sivil dünyanın gözündən salmayacaq. Rusiyaya getmə, dayan, “Neftçi”!