Gənclər və İdman Nazirliyi 2024-cü ilin ən yaxşılarını müəyyənləşdirmək üçün səsverməyə başlayıb.


Rekord.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.


Sorğu iki mərhələdə keçirilir. İlk mərhələdə səsvermə idman federasiyaları, idman jurnalistləri (hər KİV-dən bir nəfər) və sosial media izləyiciləri arasında aparılacaq.


İkinci mərhələdə isə Gənclər və İdman Nazirliyi yanında Xüsusi Komissiya üzvləri səs verəcəklər.


Təqdim edilən hər nominasiya üzrə 5 namizədə səs verilir. Səs vermək üçün namizədin adının qarşısındakı dairədə layiq görüldüyü yer rəqəmlə (1-dən 5-dək) yazılır.


Sorğunun obyektivliyi üçün federasiyalar öz idman növlərinin təmsilçilərinə səs verməməlidir. Öz nümayəndələrinə verilən səslər nəzərə alınmayacaq.


Hər iki mərhələnin ümumi yekununa əsasən, ən çox səs toplamış ilk üç namizəd qalib elan ediləcək.