Goranboyda Müstəqillik Gününə həsr olunmuş seleksiya yarışına yekun vurulub
- 25 May 2023 21:54
- 395
Azərbaycan Voleybol Federasiyasının (AVF) Goranboy Olimpiya İdman Kompleksində təşkil etdiyi seleksiya xarakterli yarış başa çatıb. "Rekord.az" xəbər verir ki, 28 May - Müstəqillik Gününə həsr olunmuş turnirdə Goranboydan, eləcə də ətraf rayonlardan olan 15 yaşadək qızlar və oğlanlar iştirak ediblər. Qızların yarışında “Goranboy-1”, “Naftalan”, “Mingəçevir”, “Goranboy-2”, oğlanların yarışında isə “Mingəçevir”, “Gədəbəy”, “Goranboy”, “Göygöl” və “Daşkəsən” komandaları mübarizə aparıblar.
Final qarşılaşmalarından əvvəl yarışın rəsmi açılış mərasimi keçirilib. Tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Müşviq Cəfərov, federasiyanın əməkdaşları, idmançılar və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən Şahin Bağırov yarışın yüksək səviyyədə təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Ş.Bağırov paytaxtla yanaşı, regionlarda da voleybolun inkişafı üçün görüləcək tədbirlərdən danışıb. Bu idman növünün ölkədə daha da populyarlaşdırılması və kütləviləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçiriləcəyini vurğulayıb. AVF rəhbəri finalda mübarizə aparacaq komandalara uğurlar arzulayıb.
Çıxış edən digər qonaqlar oyunların maraqlı mübarizədə keçdiyini, regionlarda da bu cür yarışların təşkilinin sevindirici hal olduğunu bildiriblər. Qonaqlar yeniyetmə və gənc voleybolçuları gözəl oyun münasibətilə təbrik edib, final görüşlərində uğurlar arzulayıblar.
Bədii hissədən sonra həlledici qarşılaşmalara start verilib. Qızların final matçında "Mingəçevir" və "Naftalan" komandaları üz-üzə gəliblər. Daha üstün oyun nümayiş etdirən "Mingəçevir" komandası 2:0 hesabı ilə qalib gələrək çempion olub. Bürünc medalları isə "Goranboy-1" komandası qazanıb.
Oğlanların finalı "Mingəçevir" və "Goranboy" komandaları arasında baş tutub. Bu görüşdə 2:0 hesabı ilə qələbə qazanan Goranboy komandası yarışın qızıl medalına sahib çıxıb.
Sonda qaliblərə kubok və medallar təqdim olunub.
Qeyd edək ki, bölgələrdə seleksiya xarakterli yarışların təşkilində əsas məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.