Göygöldə beynəlxalq təlim-məşq toplanışı keçiriləcək
- 22 Avq 2022 20:00
- 463
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.
Rekord.az xəbər verir ki, 25 avqustda başlayacaq və 3 sentyabra qədər davam edəcək təlim-məşq toplanışında Azərbaycanın kişilərdən və gənc oğlanlardan ibarət milli yığma üzvləri ilə yanaşı Belçika, İsrail, Niderland, Polşa, Səudiyyə Ərəbistanı, Özbəkistan və Tacikistanın aparıcı cüdoçuları iştirak edəcək.
120-dən artıq idmançının qatılacağı təlim-məşq toplanışında Olimpiya Oyunlarının, Dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları yer alacaqlar.
Təlim-məşq toplanışı Azərbaycanın kişilərdən ibarət yığması üçün 6-12 oktyabrda Özbəkistanın Daşkənd şəhərində keçiriləcək Dünya çempionatı və gənc oğlanlardan ibarət milli yığması üçün 15-18 sentyabrda Çexiyanın Praqa şəhərində keçiriləcək gənclər arasında Avropa çempionatı üçün hazırlıq məqsədi daşıyır.